Preymer Liqada oynamaq hüququ qazanan Gəncənin “Kəpəz” klubunun baş məşqçisi Şahin Diniyev komandasının təlim-məşq toplanışlarını barəsində məlumat verib.
Sportarena.az xəbər verir ki, Diniyev klubun mətbuat xidmətinə dediyi açıqlamada futbolçularının gördüyü işləri yüksək qiymətləndirib:
“Təlim-məşq toplanışı boyunca uşaqlar vicdanla, məsuliyyətlə verilən bütün tapşırıqların öhdəsindən gəldilər. Maksimum şəkildə hazırlaşdıq. Fiziki işin təməlini qoyduq. Mənə elə gəlir ki, bu hazırlığımız çempionatda bizə yaxşı kömək edəcək".
Baş məşqçi Azərbaycan Premyer Liqasında onları uzun marafon gözlədiyini deyib:
"Komandaya güc, fiziki hazırlıq çox lazımdır. Oyunçulara əzmlə, səylə çalışdıqlarına görə minnətdaram".
“Kəpəz”in çalışdırıcısı keçirdikləri yoxlama oyunları barədə də fikirlərini bildirib: "Yoxlama oyunlarında nəticə önəmli olmasa da, komandada qalib ruhu yaratmaq üçün belə matçlarda qələbə qazanmaq vacib idi. Qələbə qazanmasaq belə futbolçulardan razı qalacaqdım. Gördüyümüz fiziki hazırlığı yüksək qiymətləndirirəm”.