"Hazırlıq dönəmində gündə 2 dəfə məşq edirik. Belə ağır məşqlərdən sonra ilk yoxlama matçı ağır oldu. Futbolçularda yorğunluq hiss olunurdu".
Sportarena.az xəbər verir ki,bu sözləri Türkiyənin Nevşehir bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində "Niğdespor"la keçirdiyi yoxlama oyununu dəyərləndirən "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov söyləyib.
O bildirib ki, əsas məqsəd futbolçuların fiziki durumlarını və boşluqları görməkdən ibarət olub: "İlk hissədə komandam xoşuma gəldi. Lakin fasilədən sonra yorğunluq hiss olunurdu. Rəqib komanda bizə nəzərən daha çox oyunçu əvəzləmələri etdi. Bu da onların işinə müəyyən qədər yaradı".
Hüseynov ilk oyunda buraxdıqları boşluqları və səhvləri futbolçularla birgə izləyərək, analiz edəcəklərini də əlavə edib. O, növbəti oyunlarda qarşıya qoyulan taktikaya uyğun mübarizə aparmağa çalışacaqlarını diqqətə çatdırıb.
Transfer çalışmalarından da danışan baş məşqçi daha çox hücumçuya ehtiyac duyduqlarını söyləyib: "Hücumçu mövqeyini gücləndirə bilsək, komandamız çempionatda iddialı durumda olacaq. Müəyyən mövqelər var ki, onları gücləndirməliyik və bu yöndə çalışmalarımız davam edir".
Qeyd edək ki, "Xəzər Lənkəran" "Niğdespor"u 1:0 hesabı ilə yenib. Yeganə qolu 34-cü dəqiqədə Rəşad Eyyubov vurub. Növbəti yoxlama matçı Türkiyə Super Liqasında mübarizə aparan "Kasımpaşa"ya qarşı olacaq. (sportnet)