"Neftçi" PFK braziliyalı yarımmüdafiəçi Flavinyo ilə yollarını ayırıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 1983-cü il iyul ayının 27-də Braziliyada doğulmuş Flavio Aleks Valensio peşəkar futbol karyerasına elə vətənində başlayıb.
2010-cu ildə Braziliyanın "Qremio" klubundan "Neftçi"yə transfer olunmuş Flavinyo komandanın heyətində 174 oyun keçirib. Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapmış futbolçu "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub. Komandamızın heyətində avrokuboklarda 22 oyun keçirmiş Flavinyo Avropa Liqası turnirinin qrup mərhələsində də çıxış edib. 32 yaşlı futbolçu "Neftçi"dən ayrılması ilə bağlı klubun rəsmi saytına açıqlama verib:
"Neftçi"yə 2010-cu ildə gəlmişdim. Qısa zamanda bu şəhərə və komandaya uyğunlaşdım. Sevinirəm ki, burada oyunum uğurlu alındı. "Neftçi" ilə çempionluq qazandım. Avropada oynamaq şansı əldə etdim. Bu illər ərzində komandamızın uğuru üçün əlimdən gələni etdim. Bəzən zədələr istədiyim kimi oynamağa imkan vermirdi. Ötən mövsümün sonunda aldığım zədədən sonra 3 aya yaxın futbol oynamadım. Bu müddət ərzində bir neçə vacib qarşılaşmada komandama kömək edə bilmədim. "Neftçi"dən ayrılmağımla bağlı klub rəhbərliyi ilə görüşüm oldu. Qarşılıqlı şəkildə razılaşdıq və dostcasına ayrıldıq. Təəssüflənmirəm, çünki "Neftçi" mənim karyeramın zirvəsi idi. İndi "Neftçi"nin əsası gənc futbolçulardan ibarətdir. Heyətdə çoxlu sayda yeni və böyük potensiala malik gənc futbolçu var. Bu, Azərbaycan futbolunun inkişafı üçün də çox önəmlidir. Gənclərə vaxt və şans vermək lazımdır ki, təcrübə qazansınlar. Burada hər kəslə sıx dostluq münasibətlərim var. Bütün Azərbaycan xalqına, burada qonaq olduğum müddətdə məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Futbol sahəsində çalışan media nümayəndələrinə, ən əsası da azarkeşlərimizə minnətdaram. İnanıram ki, fanatlarımız sona kimi "Neftçi"mizi dəstəkləyəcəklər. "Neftçi" Azərbaycan futbolunun Flaqmanıdır və bu hər zaman belə olacaq".