Avropa Liqasının elə ilk mərhələsindəcə məğlub olaraq mübarizəni dayandıran “Neftçi”də vəziyyət günü-gündən pisləşir. Qeyri-peşəkar idarəçilərin əlinə keçən “flaqman” xoş olmayan xəbərlərlə hər gün gündəmi zəbt eləyir. Bu dəfə də, əldə etdiyimiz xəbər ürək açan deyil.
Sportarena.az sportal-a istinadən xəbər verir ki, “Neftçi” İranın “Persopolis” klubunun futbolçusu Mobi Dorahini baxışa çağırıb. İranın U-19 millisinin üzvünə klubun icraçı direktoru Elnur Məmmədovun imzası ilə rəsmi dəvətnamə də göndərilib. İran səfirliyinə göndərilən həmin müraciətin fotosu xəbərin altında yerləşdirilib.
Lakin futbolçu Bakıya gəlsə də, “Neftçi” rəhbərliyi onunla maraqlanmayıb. İranlı futbolçu nə qədər cəhd eləsə də, onu qəbul etmək istəməyiblər. Və Dorahi qalıb Bakının küçələrində. Belə hallar “Neftçi”nin indiki rəhbərliyi üçün yeni deyil. Diletantların əlinə keçən ölkənin ən köklü klubu az qala hər dəfə özünü biabırçı duruma salır. Klubun icraçı direktoru Elnur Məmmədovun futbol idarəçiliyində zəif kadr olduğu hər yeni gün özünü daha bariz şəkildə göstərməkdədir. Amma AFFA-nın baş katibi Elxan Məmmədovun yaxın dostu olduğu üçün layiq olmadığı vəzifədə hələ çox oturacaq.
Yeri gəlmişkən, Elxan Məmmədov bu yaxınlarda AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlunu “Kəpəz”in Müşahidə Şurasına üzv seçdirib. Ondan başqa Məmmədov digər yaxını Kamran Quliyevi “Sumqayıt”ın prezidenti postunda əyləşdirib. Bizdə olan bilgiyə görə, hələ bu son deyil. Elxan Məmmədovun bir neçə kluba da öz yaxınlarını yerləşdirmək niyyətindədir.