Qəbələdəki insidentlə bağlı UEFA-dan mühüm açıqlama

15:39 17 İyul 2015

UEFA Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycanın "Qəbələ" və Gürcüstanın "Dinamo" (Tbilisi) futbol klubları arasında Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Qəbələdə keçirilmiş cavab görüşündəki insidentlə bağlı qərarını iyulun 23-də açıqlayacaq.

Sportarena.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq UEFA-dan məlumat verilib.

Avropanın futbol qurumundan bildirilib ki, Azərbaycanın və Gürcüstanın iki klubunun Qəbələdəki qarşılaşmasında azarkeşlərə yaraşmayan hərəkətlərə yol verilməsinə (yandırılmış milli bayraq) və üzərində qadağan edilmiş şüarlar yazılmış plakatların açılmasına görə intizam araşdırması başlanılıb.

UEFA-nın cavabında o da qeyd olunub ki, Tbilisidə keçirilmiş ilk qarşılaşmadakı hadisə irqçi hərəkət kimi qiymətləndirilib, stadionun bir hissəsinin qapadılmasına və 20 000 avro cərimənin tətbiq edilməsinə qərar verilib.

Nəzərinizə çatdıraq ki, "Qəbələ" rəhbərliyi UEFA-nın rəsmi qərarını gözləmədən Serbiyanın "Çukariçki" klubu ilə Avropa Liqasının II təsnifat mərhələsindəki cavab görüşünü Bakıda keçirməyə qərar verib. Oyun iyulun 23-də "Bakcell Arena" stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti