"İnanıram ki, cavab matçında bizə lazım olan nəticəni qazanacağıq" - Coşqun Diniyev

19:04 17 İyul 2015

Çempionlar Liqasının II mərhələsində Bakıda “Rudar”la heç-heçə edən “Qarabağ” növbəti oyun üçün hazırlıqlarını davam edir.

Sportarena.az komandaya yeni transferi Coşqun Diniyevin Qol.Az-a müsahibəsini təqdim edir:


- Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Rudar”la heç-heçə etdiniz.  Doğma meydanda qələbə qazanmağınıza nə mane oldu?

- Əlbbəttə, evdə qələbə bizim üçün vaxib idi. Amma bilirdik ki,”Rudar” heç də asan rəqib deyil. Ona görə yox ki, onlar güclüdür, sadəcə, rəqibi tanımırdıq, heç bir oyununu görməmişdik. Düşünürəm ki, indi rəqibi daha yaxşı analiz edə biləcəyik. 

- Qələbə qazana bilməməyinizin tək səbəbi rəqibi tanımamağınız idi?

- Tək bu səbəbi demək olmaz. Matçdan da göründü ki, rəqib müdafiə olunmaq üçün Bakıya gəlmişdi. Onların əsas məqsədi bərabərlik idi və buna da nail oldular. Amma biz rəqibin bütün potensialına bələd olduq. İndi hansı mövqedə problemlərinin olduğunu bilirik. Əsas vəzifəmiz onları yaxşı təhlil etməkdir. İnanıram ki, cavab matçı daha yaxşı alınacaq və növbəti mərhələyə “Qarabağ” keçəcək.

- Amma matçdan göründü ki, rəqib komanda “Qarabağ”ı daha yaxşı analiz etmişdi.

- Onların bizi analiz etməsi çox asan məsələdir. Çünki “Qarabağ” Çempionlar Liqasında və AvropaLiqasının qrupunda oynamış bir komandadır. Yəni “Qarabağ” üzdə olan klubdur. Bizim hər bir oyunumuzu təkrar izləmək  asandır. Biz isə onların  ancaq Monteneqro çempionatındakı matçlarının videoyazılarını izləyə bildik. Bu da bir komandanı analiz etmək üçün kifayət etmir. 

- Qara Qarayevi əvəzləyəndən sonra daha çox müdafiəyə kömək edirdin.

- Çünki matçın artıq sonlari idi. Komanda tamamilə hücuma atılmışdı. Müdafiəçilərin qarşısında ən az bir futbolçu lazım idi ki, əks hücularda müdafiəyə faydalı olsun. Ona görə də baş məşqçimiz mənə arxa xəttə kömək etməyi tapşırdı.

- Özün də daxil olmaqla yeni transferlər “Qarabağ”a nə dərəcədə kömək edə bildiniz?

- Düşünürəm ki, hər birimiz yaxşı oynadıq. Qələbə qazana bilməsək də, komanda pis oyun sərgiləmədi. 

- Amma etiraf edək ki, bir-iki epizodu çıxmaq şərti ilə rəqibin qapısı önündə də elə ciddi qol vəziyyətləri yarada bilmədiniz.

- Çünki “Rudar” tamamilə müdafiəyə çəkilmişdi. Həm də çox sıx futbol oynayırdılar. Ona görə də müdafiəni keçmək çətin idi. Bir neçə epizodda da bəxtimizin gətirmədiyini deyə bilərəm. 

- Mərhələ keçmək şansınızı  necə dəyərləndirirsən?

- İnanıram ki, cavab matçında bizə lazım olan nəticəni qazanacağıq.


Digər xəbərlər

Xəbər xətti