Ərəbistana getməkdənsə, “Xəzər Lənkəran”a üstünlük verdim” - AÇIQLAMA

01:38 18 İyul 2015

“Menecerim mənə Azərbaycandan təklif edildiyini deyəndə, tanışım Luis Ramosla əlaqə saxladım”.

 

Sportarena.az xəbər verir ki,bu sözləri fransalı futbolçu L’imam Şeydi deyib.

 

Türkiyənin Kapadokya bölgəsində hazırlıq keçən  “Xəzər Lənkəran” klubunun  düşərgəsinə gələn Şeydi Azərbaycan çempionatı ilə yanaşı, Səudiyyə Ərəbistanında da oynamaq şansının olduğunu bildirib:  “Ərəb klublarından da təklifim vardı. Eləcə də, adını xatırlamadığım daha iki komandanız xidmətimdə maraqlı idi. Amma Ramos mənə “Xəzər Lənkəran”ın daha iddialı olduğunu söylədi. Ramosun oynadığı klub (AZAL – red) maddi problemlə üzləşmişdi. Bu səbəbdən özü həmin komandadan ayrıldı. Çempionatınızla maraqlanıram. Klublarınızın avrokuboklardakı çıxışından da xəbərim var. Ötən il Avropa Liqasının qrup mərhələsində oynayan “Qarabağ” Çernoqoriya təmsilçisi “Rudar”la qolsuz heç-heçə oynadı. Səhv etmirəmsə, “Neftçi” mübarizəni dayandırıb. “Qəbələ” isə II təsnifat mərhələsində Serbiya klubu ilə qarşılaşıb. Fikrimcə, çempionatda “Xəzər Lənkəran”ın əsas rəqibləri elə “Qarabağ”la “Qəbələ” olacaq”.

 

Əməkdaşımızın “Ərəbistandan təklif vardısa, niyə məhz Azərbaycana üstünlük verdiniz” sualına belə cavab verib: “Ərəbistana adətən yaşlı futbolçular gedir. Düzdü, orda yaxşı pul olsa da, gələcək üçün perspektiv yoxdu. Amma mən “Xəzər Lənkəran”ın heyətində özümü göstərə bilərəm. Elə bu komanda ilə Avropada daha yaxşı çıxış etmək niyyətindəyəm. Bir sözlə, Ərəbistana getməkdənsə, “Xəzər Lənkəran”a üstünlük verdim”.

 

Şeydi həmçinin bildirib ki, vaxtilə məşhur “Milan” klubunun heyətinə düşmək şansı olub. Hətta milanlıların U-19 komandasında çıxış etdiyini söyləyən futbolçu məşhur braziliyalı Kaka ilə də məşq etdiyini vurğulayıb: “Mən 2006-2007 mövsümündə “Milan”ın U-19 komandasında oynamışam. Həmin vaxt Mbay Nyanq da həmin komandada idi. Hətta məşhur Kaka da hərdən bizimlə məşq edirdi. Amma bu klubda oynamaq mənə qismət olmadı”. (apasport)


Digər xəbərlər

Xəbər xətti