“Kəpəz"in baş məşqçisi klubun mətbuat xidmətinə müsahibə verib.
- Komanda Ərzuruma hansı məqsədlə yollanıb?
- Gəncədəki ilk toplanışda seleksiya işləri apardıq. Bakıda fiziki hazırlığın təməlini qoyduq. Türkiyədə isə taktiki-texniki hazırlıq üzərində işləyəcəyik və üç yoxlama oyunu keçirəcəyik. Güclü rəqiblərlə qarşılaşmağımızı istəmişəm ki, səhvlərimizi görə bilək. Burdaa qələbə, heç-heçə və məğlubiyyətin önəmi yoxdur. Komandanın sistemə oturması vacibdir. Taktiki sxemlərlə yanaşı, əsas heyətin müəyyənləşdirilməsi yönündə də işləri tamamlamalıyıq.
- Ümumilikdə Türkiyə toplanışı komandaya nə verəcək?
- Türkiyə toplanışı hazırlıq planında xüsusi yer tutur. Fiziki məşqlərdən sonra komandanın hansı durumda olmasını yoxlamalıyıq. Həm də hava şəraiti gündə iki dəfə məşq etməyə imkan verir. Türkiyədə komanda üçün istədiyimiz işi görə biləcəyik. Heyətə dəvət olunacaq legionerlərə də məhz burada baxılıb qərar veriləcək. Seçimi dəqiq etməliyik. Çünki səhvimiz bizə baha başa gələ bilər.
- Heyətə neçə əcnəbi futbolçu cəlb ediləcək?
- Buna baxacağıq. Bizdə müəyyən mövqelərdə boşluqlar var, hələ sayı dəqiqləşdirməmişik. Üç və ya beş legioner ola bilər. Daha az olması da mümkündür. Çalışacağıq ki, az büdcə ilə səviyyəli, keyfiyyətli əcnəbiləri heyətə cəlb edək. Birbaşa müqaviləyə qol çəkmək üçün düşərgəyə dəvət etmək qorxuludur. Videogörüntüyə baxıb futbolçu götürmək düzgün deyil. Onu da deyim ki, futbolçunun oyun keyfiyyəti ilə yanaşı, insani keyfiyyətləri də önəmlidir.
- Komandaya hansı mövqelər üzrə legioner lazımdı?
- Bunu sizə deyə bilməyəcəyəm. Çünki bunu desəm, komandada həmin mövqelərdə olan digər futbolçulara psixoloji zərbə vura bilərik. Güclənməyimiz vacibdir. Qarşıda 36 çempionat oyunu və üstəgəl kubok matçları var. Bir sözlə, marafon uzundur. İndi heyətdə 17 oyunçu var, bununla kifayətlənmək olmaz. Güclənməliyik, əsas da hücum xəttində. Legionerlər müxtəlif ölkələrdən olacaq. Heyətə götürdüyümüz oyunçular barədə mətbuata məlumat verəcəyik.