“Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsinin “Çukariçki” ilə cavab oyununun hazırlıqlarına başlayıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Serbiyadakı ilk qarşılaşmanın (0:1) ertəsi məşq edib, sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələdə bir araya gəlib.
Ötən gün şəhər stadionunda baş tutan axşam məşqində Roman Qriqorçukun komandası fiziki hazırlıq və toplu çalışmalara üstünlük verib. Hazırlıqda komandanın bütün futbolçuları iştirak edib. “Qəbələ” növbəti 2 məşqini də öz stadionunda keçirəcək. İyulun 22-də Bakıya yollanacaq komanda oyunöncəsi son məşqini qarşılaşmanın baş tutacağı 8-ci km qəsəbə stadionunda gerçəkləşdirəcək.