Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Pərviz Abdullayev kikboksinq yarışlarında növbəti qələbəsini qazanıb.
Sportarena.az xəbər verir ki, beşqat dünya çempionu olan idmançımız Çinin Nanjinq şəhərində keçirilən “Kunlun Fight Series”dən qalib ayrılıb. 75 kiloqram çəki dərəcəsində çıxış edən Abdullayev kikboksinq üzrə reytinq xarakterli döyüşdə yerli idmançı Aorigele ilə qarşılaşıb. İdmançılar hər biri 3 dəqiqədən ibarət olan 3 raundda qüvvələrini sınayıblar. Təmsilçimiz qarşılaşmanın taleyini ikinci hissədə həll edib. Asiyalı rəqibini iki dəfə naqdauna salan Abdullayev 39-cu qələbəsini qazanıb.
Xatırladaq ki, Abdullayev keçirdiyi 42 döyüşdən 13-ü nokautla olmaqla, 39-da qalib gəlib.