"9 komanda ilə çempionat keçirilsəydi, bütün mətbuat bizi biabır edərdi" - Ramin Musayev

13:30 21 İyul 2015

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün püşkatmasından sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, qurum rəhbəri jurnalistlərin suallarını cavablandırıb.

 

- 1 milyonluq yayım hüququnu nəyə əsas müəyyənləşdirmisiz?

- Çox verə də bilərlər, ən azı o qədər verilməlidi. 5 milyon versələr də, olar. Məncə, bu məbləği ödəyə bilən kanal çıxacaq.

 

- “Rəvan” lisenziya ala bilmədiyi üçün Premyer Liqadan çıxarılmışdı. Nə oldu ki, geri qaytarılldı?

- Fors major deyilən bir şey var. Komanda özü maddi sıxıntı yaşayırsa, müraciət edir ki, çıxsın çempionatdan. 9 komanda ilə çempionat keçirilsəydi, bütün mətbuat bizi biabır edərdi. Sağ olsun, “Rəvan” rəhbərliyi çempionatda çıxışa razılıq verdi. Dedilər ki, lisenziya şərtlərini sentyabra kimi həll edəcəklər.

 

- Topaz çempionata sponsorluqdan imtina edib?

- Bəli. Onu da mətbuat, klublarımız futboldan küsdürdü.

 

- “Simurq”a siz yardım etməli idiz. Nə qədər təklif etdiz ki, onları qane etmədi?

- Klubun hansı problem yaşadığını onun prezidenti, klubu maliyyələşdirən şəxs bilir. Yadınızdadı, çempionatın sonunda “Simurq”un futbolçuları etiraz olaraq, yerdə oturdular. Mən bunu özümə təhqir bildim. Klubun azarkeşlərini başa düşürəm. “Simurq” çempionatda qalmaq üçün maliyyə problemi ilə üzləşib, bu, gizli deyil. Həyatda hər şey olur. Elə böyük azarkeşləri olan komandalar var ki, birdən-birə böhrana düşür. AFFA və PFL rəhbərliyi dəfələrlə görüşdük, imkanımız daxilində kluba yardımn etmək istədik. Amma gücümüz çatmadı, məbləği açıqlaya bilmərəm.

 

- “Neftçala” rəhbərliyi də Premyer Liqada oynamaq istədiyini bildirir...

- Hansı komandanın maddi vəziyyəti imkan verirsə, onu buraxarıq. Püşkatma olsa da, çempionatın startına günlər qalsa, kimsə oynamaq istəsə, mən sizə söz verirəm ki, komandaların sayını 12-yə də çatdıraram. Kənardan deməyə nə var ki? Mən həmişə sözün düzünü deyənəm. Bəli, biz ancaq “Rəvan”a müraciət etmişik. Bildim ki, onların imkanı var, oynaya bilərlər. Onlar da qəbul etdilər.

 

- “İnter”in də müəyyən problemləri var...

- “İnter”in gələcəyi ilə bağlı heç bir problem olmayacaq. Hal-hazırda komanda gözəl oyun göstərir, Avrokubokda nəticə göstərir. AFFA rəhbərliyi “İnter”lə bir yerdədi. Bu komanda problemlə üzləşməyəcək.

 

- I Divizionun növbəti mövsümündə reqlament necə olacaq? Komanda Premyer Liqaya çıxmırsa, orda birinci yeri tutmasının nə mənası var?

- Birinci diviziondan 3 komanda gəldi bu il. “Zirə”, “Rəvan”, “Kəpəz”. Gəncə komanda Preümyer Liqadan düşəndə hamınız az qaldınız bizə güllələyəsiniz. Biz də sizə hörmət əlaməti olaraq, “Kəpəz”i dəvət etdik. Pis iş görmədik ki? “Neftçala” komandasının rəhbərliyi deyir mən çempionluğa oynayıram, amma bu il tam hazır deyiləm, özümü Premyer Liqada görmürəm. Mən ona nə edə bilərəm ki? “Kəpəz”in anadangəlmə strukturu var.

 

- “Simurq” birdəfəlik dağıldı?

- Çalışacağıq ki, I Divizionda çıxış etsin. “Simurq”un uşaq komandalarında istedadlı futbolçular var. Onlar batmamalıdılar. I Divizonda klubları sənədləri toplamırsa, mən gedim onların yerinə sənəd toplayası deyiləm ki? “Rəvan” klubu bizdən vaxt istədi, biz də onlara vaxt verdik.

 

- Əgər heç bir kanal o qədər məbləği vermək istəməsə, yenə hansısa kanala hədiyyə olacaq?

- Niyə qara danışırsız? Deyin olacaq da. Biz inanırıq ki, olacaq.

 

- Sizcə, futbolun inkişafına dair dövlət proqramının (2005-2015) iflasa uğradığını düşünmək olarmı?

- Klublarımız ayıldılar. 20-22 yaşlı futbolçu 150-200 min pul qazanırsa, o, doymuş olacaq. Adam var 10 il məktəb, 5 il universitet oxuyur, 20 il işləyir, amma arxasına 30 min pul yığa bilmir. Bunda bizim də günahımız var. Limit sərbəst olsa, yerli futbolçular məcbur olacaqlar oynamağa.

 

Apasport.az


Digər xəbərlər

Xəbər xətti