"Bu oyunda komandanın yüklənmə dövründə özünü necə hiss etdiyini bilmək istəyirdik. Üzərində işlədiyimiz taktiki tapşırıqların necə qavrandığını və kollektiv oyunun hansı formada olduğunu öyrənməyə çalışdıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov Gürcüstanın "Şukura" klubu ilə keçirilən yoxlama oyunu haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında komandasında olan problemlərdən danışıb: "Nəticə bizim üçün önəmli deyildi. Böyük hesabla uduza və ya qələbə qazana da bilərdik. Əsas qeyd etdiyim məsələlərdi. Ayrı-ayrı epizodlarda yaxşı oynadıq. Ancaq taktiki cəhətdən problemlərimiz var. Bunları aradan qaldırmaq üçün çox çalışmalıyıq. Ümumiyyətlə görüləcək işlər çoxdur. Oyun təcrübəsinin azlığından yaranan səhvlər də var”.