"Biz artıq Xorvatiyada 6 top buraxan komanda deyilik" - Robert Prosineçki

15:46 22 İyul 2015

"Avropanın bir sıra məşqçiləri Azərbaycan millisini çalışdırmaq istəyirdi. Hətta Frank Raykard. Berti Foqtsun komandası seçmə mərhələdə keçirdiyi 4 oyunun hamısında uduzmuşdu. Bundan pis nəticə ola bilməzdi".

Sportarena.az xəbər verir ki,bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında deyib.

Azərbaycan millisinin baş məşqçi vəzifəsinə gətirilməsinin səbəbini açıqlayan xorvatiyalı mütəxəssis deyib: "Niyə məhz məni seçdilər? Parisdəki görüş zamanı ailəmlə birgə Azərbaycada yaşamağa razılaşdığımı və bütün gücümü yığmaya həsr etməyə hazır olduğumu bildirdim. Üstəlik sələfim, Berti Foqts kimi futbolla yanaşı, qolf oynamağa da məkan axtarmayacağımı dedim. "Avro-2016"nın seçmə mərhələsində ilk oyunumda Maltanı 2:0 hesabı ilə məğlub etdik. Norveçlə isə səfərdə 0:0 bərabərə qaldıq. Həmçinin komandanın fiziki durumu yaxşılaşdı".

"Dəqiq bilmirəm, ancaq Azərbaycan yığması daha öncə Norveçlə bir neçə qarşılaşıb və heç birində 1 xal belə əldə etməyib. Səfərdə Norveçlə 0:0 bərabərə qalmaq Azərbaycan üçün əla nəticədir. Malta ilə oyun psixoloji cəhətdən mənim üçün çətin matç idi. Həmin görüşdə qələbə qazanmalı idik ki, bunu da bacardıq. Biz artıq Xorvatiyada 6 top buraxan komanda deyilik. Azərbaycan millisi hazırda yüksək motivasiyalı komandadır" - deyə Prosineçki bildirib.

O, həmçinin sentyabr ayında seçmə mərhələ çərçivəsində qarşılaşacaqları Xorvatiya ilə oyuna da toxunub: "Mənə qədər Azərbaycan millisi seçmə mərhələnin 4 oyununda uduzmuşdu. Azərbaycan yığmasının Avropa çempionatının final mərhələsinə iddia etməsi üçün sehr lazımdır. Ancaq mən əminəm ki, Xorvatiyaya qarşı yaxşı oyun sərgiləyəcəyik. Bakıdakı oyun rəqibin ulduz futbolçuları üçün asan gəzinti olmayacaq. Bəli, Xorvatiya yığması dünyanın ən yaxşı 10 komandası sırasındadır. Onların heyətində olan futbolçular dünyanın ən yaxşı klublarında çıxış edir. Xorvatiya mənim sevimli komandamdır. Ancaq onlara qarşı Bakıdakı görüş tamamilə fərqli oyun  olacaq. Bu, təhdid deyil. Əksinə inanıram ki, futbolçularım bu oyunda əlindən gələni edəcəklər.

Təbii ki, bu oyun bizim üçün elə də böyük əhəmiyyət kəsb etmir. Ancaq məğlub olmaq istəmirik. Xorvatiya liderliyini qorumaq üçün qələbəyə oynayacaq. Biz də bundan maksimum yararlanaraq rəqibdən xal almağa çalışacağıq. Bakıdakı oyunda əsasən Mandzukiçə diqqət yetirmək lazımdır. Çünki o, komandada daha çox iş görür. Onunla yanaşı, Modriç və Rakitiçi də diqqətdən kənar qoymaq olmaz. Perişiç isə hazırda Xorvatiyada ən yaxşı futbolçulardan biridir. O, həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışlayır. Texnikası və sürəti ilə ondan hər zaman qol gözləmək olar. Bu səbəbdən Perişiçə qarşı da ehtiyatlı oynamalıyıq".


Xəbər xətti