“İlk görüşdə bizdə heç nə alınmadı. Ancaq daha əvvəl çox gözəl oyun nümayiş etdirmişdik. “Çukariçki” ilə oyundakı problemlərin səbəblərini araşdırmışıq. Məlum oldu ki, obyektiv səbəblərdən uduzmuşuq”.
Sportarena.az xəbər verir ki,bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Çukariçki” (Serbiya) ilə oyun öncəsi keçirdiyi mətbuat konfransında deyib.
- Sabahkı oyun əlavə vaxta qədər uzansa, “Qəbələ”də problem olmayacaq ki?
- Əminliklə deyə bilərəm ki, bizim hazırkı vəziyyətimiz “Çukariçki” ilə ilk oyundakından yaxşıdır. Uzatma dəqiqələrini düşünmürük. Ümid edirəm ki, 90 dəqiqə ərzində bizə lazım olan nəticəni qazanacağıq.
- Start heyəti müəyyən etmisiniz?
- Start heyəti tam müəyənləşdirməmişəm. İlk “11-liy”i müəyyən etməkdə bugünkü məşqin də rolu olacaq.
- “Dinamo” ilə cavab oyunundan öncə bildirmişdiniz ki, sizi 5:0 hesablı qələbə qane edir. Bəs, sabah hansı nəticəyə ümid edirsiniz?
- Biz həmişə 5:0 və daha böyükhesablı qələbə istəyirik. Sabahkı oyunda da biz 5:0 hesabı ilə qalib gəlmək istəyirik.
- “Dinamo” ilə oyuna nisbətən “Çukariçki” ilə qarşılaşmada “Qəbələ”nin daha az qol imkanları oldu ki, bu da yəqin ki, futbolçularda psixoloji gərginlik yaradıb. Bu gərginliyi aradan qaldıra bilmisinizmi?
- Bəli, ilk oyunda rəqib meydanında qol vurmuşduq. Bu da şansımızı artıtırdı. Əlbəttə ki, indi işimiz bir qədər çətindir. Ancaq bu, hardasa bizim xeyrimizə də ola bilər. Çünk indi daha çox qol vurmağa çalışacağıq.
- Premyer Liqada Elvin Camalova şans verirdiniz. Ancaq nədənsə Avropa Liqasında onu meydanda görmürük.
- Avroliqada Premyer Liqadan fərqli olaraq limit məsələsi yoxdur. Kim özünü daha yaxşı göstərirsə, ona şans veririk.
- "Neftçi" 8-ci klometr stadionunda keçirdiyi avrokubok qarşılaşmalarının heç birində qələbə qazana bilməyib. Bu fakt Sizi qorxutmur ki?
- Maraqlı faktdı (gülür).Ancaq mən belə şeylərə inanmıram. İstərdim ki, sabah yaxşı nəticə qazanaq və hamınız buranı gülərüzlə tərk edəsiniz. Görürəm ki, indi hamı pərt olub.
- Məlum səbəblərdən “Qəbələ” öz doğma şəhərində oynaya bilmir. Sizcə, bu, futbolçularda prsixoloji gərginlik yarada bilərmi?
- Bu stadionda hər cür şərait var. Əslində, buranı çox bəyənirəm. Ancaq indi daha çox azarkeş dəstəyinə ehtiyacımız var. Sabah azarkeşlər bizi tək qoymasalar, yaxşı olar.