“Hələ ki, “Seltik”lə maraqlanmamışam. Bugünlərdə rəqibi araşdırmağa başlayacağıq”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Supersport.az saytına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibləri ilə ilk oyunun səfərdə keçiriləcəyini müsbət hal kimi qiymətləndirib:
“Əslində hər şey qazanacağımız nəticədən asılıdır. İlk görüşün rəqib meydanında olması hardasa üstünlüyümüz sayıla bilər. Ancaq harda oynayacağımızdan asılı olmayaraq ilk oyunda yaxşı nəticə qazanmaq vacibdir”.
Q.Qurbanov hollandiyalı yeni transfer Raydel Puponun hələ ki, oyunlara hazır olmadığını bildirib: “Hələ ki, onun hazırlıq səviyyəsi aşağıdır. “Seltik”lə ilk oyuna tam hazır olmaya bilər. Ancaq cavab matçında meydana çıxması mümkündür”.
Q.Qurbanov bu gün “Qarabağ”ın təmsil etdiyi Ağdam şəhərinin ermənilər tərəfindən işğal olunmasının 22-ci ildönümü olmasını da xatırladıb: “Bu günün önəmi böyükdür. Ancaq biz elə bir komandada çalışırıq ki, tək belə günlərdə yox, daima uğur əldə etmək istəyirik. Biz Qarabağı hər məşqdə, hər oyunda yada salırıq”.