"Səfər matçı çox çətin keçmişdi. Oyundan öncə də qeyd etmişdim ki, rəqibin meydanında ot örtüyü bərbad idi. Soyunub-geyinmə otağının da vəziyyəti yaxşı deyildi. Rəqib sadəcə bizim səfər matçındakı ani boşluğumuzdan istifadə edib, qələbə qazanmışdı. Rəqib əsasən uzun ötürmələrlə oynamağı sevir. Biz isə texniki oyuna üstünlük veririk".
Bu sözləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Avropa Liqasının II təsnifat mərhələsində "Çukariçki"yə qalib gəldikləri oyundan (2:0) sonra deyib.
Komandasının "Çukariçki"dən güclü olduğunu deyən C.Hüseynov oyunun tamamilə "Qəbələ"nin üstünlüyü şəraitində keçdiyini bildirib: "Bilirdim ki, biz onlardan güclüyük. Amma futbolda bəzən zəif komanda da qələbə qazana bilər. Biz isə buna imkan vermədik və qalib gəldik. Azarkeşlərimizə təşəkkürümü bildirirəm. “Qəbələ” birlik-bərabərliyin nəticəsində qələbə qazandı. Bu oyunda hamımız birgə mübarizə apardıq. Komandanın ağır oyun sərgiləməsinə səbəb isə bizim Qəbələnin havasına alışmağımız idi. Bakının havasında bir qədər rütubət çoxdur. Buna görə də tez yoruluruq. Amma bu, bizim qələbə qazanmağımıza mane ola bilməzdi. Bacarığımızı meydanda ortaya qoyduq və sonda sevinən tərəf biz olduq.
2:0 öndə olduğumuz zaman Antonova müdafiəyə yaxın oynamasını dedim. Amma bir-birimizi başa düşmədiyimiz üçün baş məşqçiyə ona müəyyən tapşırıq verməsini söylədim. Ümumilikdə oyun tamamilə bizim üstünlüyümüz şəraitində keçdi. Şanslarımız da çox oldu. Hətta pis oynadığımız səfər matçında da qol vurmaq üçün bir neçə imkanımız olmuşdu. Bəzən sadəcə son nöqtəni qoya bilmirik. Növbəti mərhələdəki rəqibimiz "Apollon" haqda isə hələlik heç bir məlumatım yoxdur". (qol.az)