Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 29-da “Seltik”in qonağı olacaq “Qarabağ” bu gün ölkəni tərk edəcək. Klubun mətbuat xidmətindən verilən məlumata görə, “köhlən atlar”ın Qlazqoya çarter reysi ilə uçuşu axşam saatlarına, təxminən 21:30 radələrinə nəzərdə tutulub.
Heyətində zədəli futbolçu olmamasına baxmayaraq, Ağdam klubu Şotlandiyaya tam heyətlə gedə bilməyəcək. Belə ki, “Qarabağ”ın yeni transferi Əfran İsmayılov Qlazqoya aparılmayacaq.
Onun adı Çempionlar Liqasının iştirak ərizəsinə daxil edilsə də, Əfran viza problemi ilə üzləşib. Bu səbəbdən millimizin üzvü Şotlandiya səfərinə qatılmayacaq.
İsmayılov ən yaxşı halda, “Seltik”lə Bakıdakı görüşdə meydana çıxa bilər.
Qeyd edək ki, “Qarabağ”ın “Seltik”lə cavab qarşılaşması avqustun 5-də keçiriləcək. (apasport)