Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın müdafiəçisi Ruslan Abışovun müsahibəsi
- "Xəzər Lənkəran" yeni mövsümə hazırlığın əsas mərhələsini başa vurdu. Təlim-məşq toplanışını necə dəyərləndirə bilərsiniz?
- Demək olar ki, bir ay hazırlıq keçdik. Fiziki yüklənmə çox olduğundan əvvəllər məşq etmək çətin idi. Amma bütövlükdə, uğurlu toplanış keçdik.
- Toplanış dövründə aşağı liqa klubları ilə oynamağa üstünlük verməyiniz nə ilə bağlı idi?
- Ərzurumda güclü komanda tapmaq çətin idi. "Kayserispor"la "Kasımpaşa" tapa bildiyimiz ən çətin rəqiblər oldular. Amma bu, bizim yaxşı hazırlaşmağımıza mane olmadı. Bütün oyunlar bizə ancaq xeyir verdi.
- Heyətdəki ciddi dəyişikliklərdən sonra "Xəzər Lənkəran"ın indi daha güclü olduğunu söyləmək olar?
- Bəli. "Xəzər Lənkəran"dan aldığım təklifi dəyərləndirərkən komandaya transfer edilən futbolçuların güclü və yerli olmasını da nəzər aldım. Keyfiyyətli legionerlərimiz də var. Mən qarşısına yüksək hədəflər qoymayan komandaya keçməzdim.
- İlk turlarda uğursuz çıxış etsəniz, heyətin yeni qurulmasından, komandaya tam uyğunlaşmadığınızdan şikayət edən olmayacaq ki?
- Mənə elə gəlir ki, biz artıq bu dövrü geridə qoymuşuq. Uşaqların əksəri bir-birini yaxşı başa düşür. Mən heç özüm də bu komandada yeni deyiləm.
- Komandanın özəyini yerli futbolçular təşkil edir. Bu, "Xəzər Lənkəran" üçün üstünlükdür?
- Fikrimcə, hə. Təcrübə də göstərir ki, klublarımız adətən yerli futbolçuların sayəsində uğur qazanırlar. Bu üzdən heyətimizdə yerli futbolçuların çoxluğunubizim üçün üstünlük saymaq olar.
- Komandadan yeni mövsümdə nə gözləmək olar?
- Medallar uğrunda mübarizə aparacağıq. Minimum vəzifə Avropa Liqasına vəsiqə qazanmaq olacaq. Heyət imkan versə, çempionluğa da oynayacağıq.
- DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya, Şimali İrlandiya, Çex Respublikası, Norveç və San Marino ilə eyni qrupa düşməyimizə münasibətiniz?
- Asan qrup deyil. Əksər komandalar bizə tanışdır. Fikrimcə, Almaniyadan başqa bütün rəqiblərimizdən öz meydanımızda xal ala bilərik.
- Neçənci yer uğrunda mübarizə aparacağıq?
- Çexlərin gənc komandası var. Şimali İrlandiya son dövrlər çox artırıb. Bu üzdən üçüncü yer uğrunda mübarizə apara bilərik. (azerisport)