“Xəzər Lənkəran” azarkeşlərini öz çıxışımızla utandırmayacağıq" - MÜSAHİBƏ

13:00 28 İyul 2015

“Xəzər Lənkəran”ın futbolçusu Rəşad Eyyubovun müsahibəsi

 

 

 

- Başlayaq Türkiyə toplanışından. Hazırlıq istədiyiniz səviyyədə keçdimi?

 

- Təlim-məşq toplanışı yaxşı keçdi. Daha çox fiziki məşqlərə üstünlük verildi. Buna görə də, yoxlama oyunlarını yorğunluğun fonunda keçirdik. Əsas odu ki, meydanda bir-birimizi daha başa düşürük.

 

- Siz və digər yeni transferlər “Xəzər Lənkəran”a tam adaptasiya olmusuzmu?

 

- Çox yaxşı kollektivimiz var. Buna görə də, adaptasiya prosesi üçün uzun müddət lazım olmadı. Təbii ki, milli üzvlərinin əvvəldən bir-birini tanıması da bunda rol oynadı.

 

- Baş məşqçi Yunis Hüseynov haqda fikriniz necədi? Onunla birgə işləmək sizin üçün rahatdı?

 

- Yunis müəllimi məşqçi kimi bəyənirəm. Bizi çox sıxmır. Məşqlərdə üzərimizdə təzyiq olmur. Oyunda nəsə alınmayanda belə, baş məşqçi bizə dəstək olur. Nə tənqid edir, nə də əsəbiləşir. Bu mənim çox xoşuma gəlir.

 

- “Xəzər Lənkəran” ötən mövsümü gənclərlə keçirdiyindən, heç kim komandadan uğurlu nəticə gözləmirdi. Ancaq bu mövsüm komandanın üzərində məsuliyyət böyükdü. Qarşınıza konkret hansısa hədəf qoyulubmu?

 

- Bu mövsüm əsas hədəfimiz turnir cədvəlində bacardığımız qədər yuxarı pillələrdə qərarlaşmaqdı. Və təbii ki, öz oyunumuzla azarkeşlərimizi sevindirmək.

 

- Necə düşünürsüz, hazırkı heyətlə “Xəzər Lənkəran” çempionluq uğrunda mübarizə apara bilər?

 

- Bizim həqiqətən də, yaxşı heyətimiz var. Amma nəzərə almaq lazımdı ki, komanda yeni formalaşıb. Yüz faizlik oyunumuzu göstərmək üçün bir qədər vaxt lazımdı. Ümid edirəm ki, “Xəzər Lənkəran” azarkeşlərini öz çıxışımızla utandırmayacağıq.

 

- Məqsədə çatmaq uğrunda əsas rəqiblərinizin kimlər olacaq?

 

- Təbii ki, əsas rəqiblərimiz “Qarabağ”, “Qəbələ” və “İnter” olacaq. Ancaq digər komandaları da hesabdan silmək olmaz. Növbəti mövsüm əvvəlki mövsümdən maraqlı keçəcək. Buna əminəm.

 

- Yeni komandanızda sizi hansı mövqedə daha çox görəcəyik: yarımmüdafiənin cinahlarında, pleymeyker mövqeyində, yoxsa hücumun sivri ucunda?

 

- Mən hücumda hər mövqedə oynamağı bacarıram. Baş məşqçi harda oynamağımı istəsə, orda da çıxış edəcəm.

 

- Sabiq komandanız “Simurq” Premyer Liqadakı çıxışını dayandırdı. Klubun yaşayıb-yaşamayacağı da sual altındadı. Yəqin ki, bu durum sizi də məyus edir...

 

- “Simurq”a çox bağlıyam. Bu komandada həm yaxşı, həm də pis günlərim olub. 4 il ərzində orda özümə çox dost qazanmışam. Mənə dəstək olduğuna görə, klub prezidentinə minnətdaram. Ancaq əfsuslar olsun ki, son 6 ay ərzində komandanın rəhbərliyindəki bəzi şəxslərin münasibəti məni təəccübləndirdi. Komandadan ayrılanda heç kim mənə uğur diləmədi və bundan çox məyus oldum. Bir məsələyə də toxunum. Bu yaxınlarda oxudum ki, guya “Xəzər Lənkəran” mənə görə “Simurq”a 100 min pul ödəyib. Bu, cəfəngiyyatdı. Mən “Simurq”u pul ödəmədən və mənə verməli olduqları pulları istəmədən tərk etmişəm. (apasport)


Digər xəbərlər

Xəbər xətti