"Bu mərhələyə qədər az yol qət etməmişik. Komandamız da, rəqibimiz də iki mərhələ keçib. Düşünürəm ki, niyyətimiz də eynidir. Hər iki komanda növbəti mərhələyə yüksəlmək istəyir".
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"la keçiriləcək ilk oyunöncəsi baş tutan mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis komandasını asan oyunun gözləmədiyini bildirib: "Biz sabah mümkün olan hər şeyi edəcəyik ki, mərhələ keçməyə imkan verən nəticə qazanaq. Bizi asan oyun gözlədiyini düşünmürəm. Rəqibimiz çox güclü komandadır. Onların heyətində yüksək səviyyəli, sürətli futbolçular yer alıb. “Apollon” yaxşı, təşkilatlanmış oyun nümayiş etdirir. İzlədiyim oyunlarda da komanda çox inamlı təsir bağışlamışdı. Bunlara əsasən deyə bilərəm ki, rəqibimiz çox güclü komandadır. Kipr komandasının ən güclü tərəfi oyunçularının fərdi ustalığıdır. Xüsusilə də bunu hücum xətti barədə demək olar. Cinah müdafiəçilərin effektli oyununu da qeyd etmək olar. Məhz sadaladıqlarım da “Apollon”un əsas güclü tərəfidir”.
Qeyd edək ki, bu gün keçiriləcək "Apollon" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.