"Oyun yaxşı səviyyədə keçdi. Stadiondakı atmosfer, azarkeşlərin komandalarını dəstəkləməsi də xoşuma gəldi. Qarşılaşmanın gedişində hesabda geri olub, sonradan bərabərlik qolunu vurduğumuzu nəzərə alsaq, hesabı normal saymaq olar".
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"la bərabərə qaldıqları ilk oyundan (1:1) sonra deyib.
Ukraynalı mütəxəssis komandasının bu görüşdə rəqibdən daha yaxşı oynadığını bildirib: “Biz “Apollon”la müqayisədə daha çox qol imkanları yaratdıq. Düşünürəm ki, hesab fərqli, bizim xeyrimizə də ola bilərdi. “Apollon” yaxşı komandadır. Hakimlikdən danışarkən, siz emosiyalara əsaslanırsız. Bu matçın hakimi yüksək səviyyəyə malikdir.
Bütün komandalar oyunlarına onun təyinat almasını istəyir. Emosiyaları kənara qoyub, oyunu bir daha peşəkar gözüylə izləsəniz hakimlik haqda fikirləriniz dəyişər. Komandam qalib gəlmirsə, mən narazı qalıram. Hakimin nə vaxt penalti təyin etməsinin fərqi yoxdur. Əsas qərarın düzgün verilib-verilməməsidir. Bu oyundakı epizodun təkrarına baxmasam da, hakimi tanıdığımdan, səviyyəsinə, təcrübəsinə bələd olduğumdan onun düzgün qərar verdiyinə əminəm".