Gəncə şəhər stadionunda son 3-4 gündə təmizlik işləri aparılır. Sportarena.az xəbər verir ki, tribunalarda sıradan çıxmış plastk oturacaqlar sökülür, yay mövsümünə uyğun olaraq stadionun ərazisində alaq otları biçilir, yaşıllıqlar suvarılır.
“Kəpəz”in Müşahidə Şurasının qərarına əsasən, komandanın ev oyunlarının məhz bu arenada keçirilməsi nəzərdə tutulur və Gəncə şəhər rəhbərliyi də bu işdə kluba yaxından dəstək verir.
İdman qurğusunda görülən işlərə rəhbərlik edən iş icraçısı Xəqani Səfərov klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:
“Stadion uzun illər baxımsızlıq səbəbindən bərbad vəziyyətə düşüb. Şəhər rəhbərliyi tərəfindən ərazinin abadlaşdırılması üçün müvafiq tapşırıqlar verilib. Gecəli-gündüzlü bu işlərlə məşğuluq, iməclik keçiririk. Şəhər ictimaiyyəti aparılan işlərdə fəallıq göstərir. Gəncə şəhər stadionu əvvəllər ölkənin sayılıb-seçilən ikinci arenası olub. Hər bir gəncəlinin arzusu “Kəpəz”in tezliklə ayaqüstə qalxması və azarkeşləri qələbələrlə sevindirməsidir. Şəhər stadionu yenidən qurulacaq, tamaşaçılar sevimli komandamızın davamlı uğurlarına buradan şahidlik edəcəklər.”
Qeyd edək ki, 25 min tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunun yarıməsrlik tarixi var. Ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verilən arena "Dinamo" Kirovabadın 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına çıxması ilə indiki formasına salınıb.