Bu həftə Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünə start veriləcək. Sportarena.az xəbər verir ki, sayca 24-cü olan ölkə çempionatında 10 komanda mübarizə aparacaq. İlk dəfə 1992-ci ildə təşkil olunan ölkə birinciliklərinin 23 illik tarixində güclülər dəstəsində 57 komanda çıxış edib. Yalnız iki komanda – “Neftçi” və “Qarabağ” əvvəlki 23 çempionatın hamısında qüvvəsini sınayıb. Bu həftə start götürən Premyer Liqanın iştirakçılarından 9-u əvvəlki çempionatlarda da çıxış edib. Yalnız “Zirə” güclülərin yarışında debüt edəcək. Peşəkar Futbol Liqasının rəsmi saytı əvvəlki 23 çempionatın ümumi balansını təqdim edir. Bu cədvəldə texniki nəticələr oyun sayında nəzərə alınsa da, top fərqinə salınmayıb. Həmçinin, bir neçə ad altında çıxış edən komandalar daha çox tanındığı ad ilə göstərilib. 2001/02 mövsümü dayandırıldığı ana qədər keçirilən matçlar nəzərə alınıb və AFFA-nın tanımadığı alternativ çempionat cədvələ daxil edilməyib. 1992-ci ildə çempionatdan çıxan komandalardan ikisinə texniki məğlubiyyət verilib ki, həmin qarşılaşmalar da siyahıda nəzərə alınıb. Komandalar şərti olaraq, aktivinə qələbəyə görə 3 xal prinsipi ilə hesablanmaqla sıralanıb.