"Neftçi İdman Klubu”nun idmançıları ilin ilk yarısına uğurla yekun vurublar. Sportarena.az xəbər verir ki, bu klubun atletləri 2015-ci ilin altı ayı ərzində müxtəlif səviyyəli yarışlara qatılaraq yüksək nailiyyətlər əldə ediblər.
Belə ki, klubun yetirmələri istər ölkədaxili, istərsə də beynəlxalq səviyyəli yarışlarda böyük əzm və peşəkarlıq nümayiş etdirərək, 416-sı qızıl, 272-si gümüş və 352-si bürünc olmaqla, ümumilikdə 1040 medal qazanıblar. İdmançılarımız Birinci Avropa Oyunlarında 16 (6 qızıl, 5 gümüş, 5 bürünc), dünya yarışlarında 45 (24 qızıl, 11 gümüş, 10 bürünc), Avropa yarışlarında 59 (21 qızıl, 7 gümüş, 31 bürünc), beynəlxalq turnirlərdə isə 146 medala (56 qızıl, 43 gümüş, 47 bürünc) sahib olublar. Respublika yarışlarında 330 medala (150 qızıl, 74 gümüş, 106 bürünc) yiyələnən klub təmsilçiləri, paytaxt yarışlarında 261 (107 qızıl, 78 gümüş, 76 bürünc), digər yarışlarda isə 183 (52 qızıl, 54 gümüş, 77 bürünc) dəfə fəxri kürsüdə yer alıblar.
Beləliklə, "Neftçi İdman Klubu” yaşamaqda olduğumuz ilin ilk yarısında qazandığı medalların sayına görə ölkəmizdə fəaliyyət göstərən idman təşkilatları arasında liderliyini davam etdirməkdədir.