"Bakıda yaxşı nəticə qazanmalıyıq"

15:50 4 Avqust 2015

"Ümid edirəm ki, "Seltik" Çempionlar Liqasındakı yerini təmin edəcək. Orada oynamağa ehtiyacımız var. Artıq buna çox yaxınıq və yaxşı futbolçulardan qurulmuş komandayıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Seltik"in futbolçusu Vircil van Deyk deyib. Hollandiyalı futbolçu Bakıda da uğurlu nəticə qazanacaqlarına ümid edir:

 

"Avropada fərqli oynamaq lazımdır. Ötən mövsüm startımız uğursuz alınmışdı. Ancaq bu dəfə yaxşı başladıq. Ümid edirəm ki, Bakıda yaxşı oyun sərgiləyəcəyik. Ötən mövsüm çox şey öyrəndim. Bu il daha sakitəm. Üzərimdə heç bir təzyiq yoxdur və komandamın uğuruna inanıram. İşlər yolunda getmədikdə ilk öncə sakit olmalısan, özünə inanmalısan və komanda yoldaşlarına kömək etməlisən. Bu sadaladıqlarım məni gücləndirir və özümü hər şeyə hazır hiss edirəm.

 

Yolun uzaq olmasına da toxunan Van Deyk bunun onlar üçün problem yaratmamalı olduğunu bildirib: "İki il öncə Qazaxıstanda "Şaxtyor"la qarşılaşmışdıq. Həmin görüş mənim "Seltik"də ikinci oyunum idi. Azərbaycan Qazaxıstandan daha uzaqda yerləşmir. Yəni, məsafə problem olmamalıdır. "Qarabağ"ın ötən mövsümkü oyunlarını izləmişik. Bizim üçün çətin oyun olacaq. Onların böyük stadionları var. Hansı ki, hər zaman azarkeşlərlə dolu olur. Biz bu oyuna yaxşı hazırlaşmalı və yaxşı nəticə qazanmalıyıq. Həmçinin "Seltik"in Çempionlar Liqasında oynamağa layiq komanda olduğunu nümayiş etdirməliyik".

 

Qeyd edək ki, avqustun 5-də keçiriləcək "Qarabağ" - "Seltik" oyunu saat 21:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti