“İnter”in kapitanı Səlahət Ağayev apasport.az saytına müsahibə verib. Sportarena.az həmin müsahibəni təqdim edir:
- Əvvəlcə Bilbao təəssüratlarınızı bölüşərdiniz. Orada “Atletik”ə 0:2 hesabı ilə uduzduğunuz görüş barədə nə deyə bilərsiz?
- “Atletik”in oyununu şərh etməyə ehtiyac yoxdu, Avropanın ən yaxşı komandalarından biridi. Oyun zamanı mübarizə aparmaq baxımından onlardan geri qalmırdıq. Təcrübə və ustalıq səviyyəsi sözünü dedi. Oyunun taleyini də bu həll etdi.
- Amma komandanız adına matçın qəhrəmanı oldunuz.
- Qəhrəman deyəndə, meydanda tək deyildim. Komanda yoldaşlarım da mübarizə apardı. Amma gücümüzün yetdiyi bir məqam var. Həm də rəqib pressinq tətbiq edirdi, topu tez ələ keçirirdi. Cinahları yaxşı işləyirdi, taktiki cəhətdən də yaxşı komandadı. Mənim işim qapını qorumaqdı, imkanım olsaydı heç qol buraxmazdım. Onlara qarşı bəlkə də oynamaq olardı. Ustalıq səviyyəmiz çatmadı. Zarafat deyil, onlar mövsüm ərzində bir neçə dəfə Ronaldo, Messi kimi futbol ulduzlarına qarşı oynayırlar.
- Onda 0:2 hesablı məğlubiyyətin revanşını almaq mümkün olmayacaq?
- Futbolda mümkünsüz heç nə yoxdu. Amma indidən deyə bilmərəm ki, biz Bakıda onlara 3-4 top vuracağıq. Sadəcə cavab qarşılaşmasının ilk oyundakı kimi ağır olmayacağına əminəm. Çünki öz meydanmızdı, azarkeşlər bu dəfə bizi dəstəkləyəcək. Bundan da istifadə etmək olar.
- Havanın isti, meydançanın süni örtüklü olması “İnter”in işinə yarıyacaqmı?
- Açığı, Bilbaoda da hava isti idi. Biz orda oynayan zaman bunu şahidi olduq. Ona görə havanın isti keçməsinin “Atletik”ə problem yaradacağını düşünmürəm. Amma süni örtük müəyyən qədər onlara əziyyət verə bilər. Bu da cüzi olacaq. Onlar peşəkar futbolçulardı və meydança fərqi elə də böyük olmayacaq. Çalışacağıq ki, başabaş mübarizə aparaq, yaxşı oyun göstərək.
- Cavab oyununda da müdafiəyə meyilli oyun üslubuna üstünlük verəcəksiniz?
- 5 müdafiəçi ilə oynamaq bizim üslubumuzdu. Hücumu müdafiədən qururuq. Yəqin yenə öz oyunumuzu göstərəcəyik. Çünki açıq futbol oynasaq, onlar sürətli hücuma çıxmağı yaxşı bacarırlar, nəticə ürəkaçan olmaz.
- Bu cür məşhur komandaya qarşı oynamaq futbolçulara nə verdi?
- Səhvlərimizi tez görürük, sonra üzərində işləyirik. Heyətimizdə gənclər də var, təcrübəlilər də. Onlara qarşı oynamaq böyük təcrübədi. Bizim əksər futbolçularımız indiyə qədər “Sam-Mames”dəki atmosferdəki kimi bir stadionda meydana çıxmamışdı. O qədər azarkeşin təzyiqi altında oynamaq çətindi.
- “İnter”in azarkeşləri necə, stadionu doldura biləcəkmi?
- Buna inanıram. “İnter Arena” elə də böyük stadion deyil.
- Necə fikirləşirsiniz, azarkeşlər “İnter”i dəstəkləməyə, yoxsa “Atletik”i canlı görmək üçün gələcəklər?
- “İnter”də Azərbaycanın komandasıdı. Yəqin ki, azarkeşlərimiz bizi dəstəkləmək üçün gələcəklər.
- “İnter”in oyunu baykot edəcəyi nə dərəcədə realdı?
- Baykot deyəndə, klubun durumu ortadadı. Vəziyyət əvvəlki kimidi. Heç nə dəyişməyib. Maliyyə problemləri davam edir.
- Rəhbərlikdən futbolçularla görüşən olubmu?
- Hələ heç kim bizimlə görüşə gəlməyib. Heç bir xəbər yoxdu. Çempionat başlayır, amma klubun sponsorunun kimliyi bilinmir. Bu cür hara qədər getmək olar.
- “Atletik”lə oyundan sonra necə, hansısa aksiya keçirməyi düşünürsüz?
- Elə bir şey planlaşdırmırıq. Futbolumuzu oynayacağıq. Peşəkar insanlarıq. Yəqin ki, “Atletik”lə oyuna və ya çempionatın startına qədər bir addım atılacaq, sponsorun kimliyinə aydınlıq gətiriləcək.
- Həftəsonu çempionat oyunları start götürəcək. Premyer Liqaya hazır olduğunuzu demək olarmı?
- Avrokuboklar bizə çox şey verdi. 5 görüş keçirmişik, ən azı birini də oynayacağıq. Mərhələ adlayıb-adlamayacağımız bilinmir. Bir dəqiqəyə 2 qol vurmaq da olar. Ancaq bu cür oyunlar keçirməyimiz komandamıza çox şey verdi. Avropa Liqasında 2 mərhələ adlamağımız özünəinam yaratdı. Demək olar ki, çempionata hazırıq.
Apasport.az