Azərbaycanın I Divizionunda yüksək yerlərə iddia edən Qusarın “Şahdağ” futbol klubu avqustun 4-də növbəti yoldaşlıq oyununu keçirib.
Sportarena.az xəbər verir ki, yeni mövsümə ciddi hazırlaşan kollektivin budəfəki rəqibi Xaçmazın həvəskarlardan ibarət komandası olub. Qusarlı futbolçular bu matçda rəqibindən üstün oyun nümayiş etdirərək 5-0 hesabı ilə qalib gəliblər.
“Şahdağ” komandası növbəti mövsümə hazırlıq çərçivəsində bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınayıb. İlk oyun “Sumqayıt” klubunun əvəzedici kollektivi ilə keçirilib. Həmin oyunda 2-2 hesablı bərabərlik qeydə alınıb. Növbəti yoldaşlıq matçında Telman Cavadovun yetirmələri “Neftçala” komandasına 0-2 hesabı ilə məğlub olub.
Komandanın avqustun 9-da “Qaradağ Lökbatan”, 15-də isə MOİK-lə yoldaşlıq oyunlarında qarşılaşması nəzərdə tutulub.