Avqustun 6-9-da Estoniyanın Tartu şəhərində velosiped idmanının şosse növü üzrə U-23 və gənclər kateqoriyası üzrə Avropa çempionatı keçiriləcək. Sportarena.az xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanın idman şərəfini 8 velosipedçi qoruyacaq.
Yarışın proqramına əsasən, velosipedçilərimiz avqustun 7-də fərdi, 9-da isə qrup ötüşməsində çıxış edəcəklər. Heyətə gəlincə, gənclər arasında Kənan Qəhrəmanlı, Tərlan Məmmədov, Maksim Naperstkov və Nicat Oruczadə mübarizə aparacaq.
U-23 yaş kateqoriyasında isə "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan Samir Cəbrayılov, Elgün Əlizadə, İsmayıl İlyasov və Ənvər Asanov bacarığını nümayiş etdirəcək. Xatırladaq ki, Avropa çempionatları tarixində ən yüksək nəticəmizə ötən il İsveçrədə keçirilən yarışda Elgün Əlizadə imza atıb - həmin vaxt gənclər arasında çıxış edən təmsilçimiz qrup ötüşməsində 12-ci yeri tutmuşdu.