"Neftçi"nin idman direktoru Vəli Qasımov azerisport.az saytına müsahibə verib. Sportarena.az həmin müsahibəni təqdim edir:
- Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın Şotlandiya "Seltik"ini keçəcəyinə inanırsınız?
- Bu, çox çətin olacaq. "Seltik" təcrübəli komandadır, yaxşı futbol sərgiləyir. "Qarabağ" səfər oyununda bu komandaya uduzub. Mənə elə gəlir ki, Ağdam klubuna asan olmayacaq.
- Növbəti mərhələyə adlamaq üçün "Qarabağ" mütləq qol vurmalıdır...
- Xarakter nümayiş etdirmək, təcrübədən yararlanmaq lazımdır. Düzdür, "Qarabağ" indi yaxşı formadadır, böyük klublarla yaxşı oynamağı bacarır. Amma "Seltik" dünyagörmüş komandadır. Bu üzdən də konkret proqnoz verməkdə çətinlik çəkirəm. Sadəcə, maraqlı oyun olacağını düşünürəm. Açıq, çoxqollu oyun gözləmirəm. Hər iki komanda ehtiyatlı oyun göstərməyə çalışacaq.
- Sizcə, "Qarabağ" "Seltik" kimi rəqibə iki cavabsız qol vura bilər?
- Oyun evdə, azarkeşlərin gözü qarşısında keçiriləcək. "Qarabağ"ın müdafiədə oturmağı xoşlamadığını hər kəs bilir. Komanda qol vurmağa, rəqib müdafiəsini gərginlikdə saxlamağa çalışacaq. Ağdam klubu rəqib müdafiəsindəki boşluqlardan yararlanmağa cəhd göstərəcək. "Seltik"in nə dərəcədə belə boşluqlar buraxacağını isə oyun göstərəcək.
- Sizcə, bu cütün taleyini hansı futbolçu həll edə bilər?
- Hazırda ən yaxşı formada olan futbolçu Reynaldodur. Mümkündür ki, o, bu matçın taleyini həll etsin.
- Havanın isti, qazonun pis vəziyyətdə olması "Seltik"ə nə dərəcədə mənfi təsir edə bilər?
- Mənə elə gəlir ki, bunların sərgilənəcək futbolla əlaqəsi yoxdur. Çünki hər iki komanda eyni şərtlər altında oynayacaq.
- "İnter"in İspaniya "Atletik"ini keçəcəyinə çox az adam inanır. Bəs siz?
- Əlbəttə, "İnter"ə çox çətin olacaq. Komandanın bu qədər irəliləməsinin özü də bir uğurdur. Onlar hətta "Atletik"ə uduzsalar da, bu, böyük problemə çevrilməyəcək.
- Səfərdə Kipr "Apollon"u ilə sülh bağlamış "Qəbələ" bu rəqibini keçə bilər?
- "Qəbələ" səfərdə yaxşı oynadı. Baş məşqçi rəqib komandanı yaxşı analiz etmişdi. Ona görə də belə hesab qeydə alındı. "Qəbələ"nin mərhələ keçmək üçün çox yaxşı şansı var. Üstəlik, "Apollon"un "Qəbələ"dən daha səviyyəli komanda olduğuna dair fikirlərlə də razı deyiləm. "Qəbələ" bu komandanı da keçə bilər, pley-offdakı rəqibini də. Mən "Qarabağ"la "Qəbələ"nin mərhələ keçəcəyinə inanıram. Həm də bunu çox istəyirəm.