Rəşad Sadiqov: "...azarkeşlər artıq hərəkətə yol verməsinlər" - MÜSAHİBƏ

18:48 5 Avqust 2015

“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov apasport.az saytına müsahibə verib. Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Sabah UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxacaqsınız. “Apollon”la matça hazırsınızmı?

- Komandanın oyuna hazır olduğunu deyə bilərəm. Əlimizdən gələni edəcəyik ki, öz meydançamızda qələbə qazanaq. Buna potensialımız var.

 

- Yəqin ilk oyunu təhlil etmisiniz. Hansı səhvləri aradan qaldırmalısınız?

- Təhlili baş məşqçi edir. Kimin səhvləri var, hansı düzəlişlər olmalıdı, deyilib. Əsas odu ki, səhvləri təkrarlamayaq, daha yaxşı oynayaq.

 

- Baş məşqçi nəyə diqqət etməyinizi tapşırıb?

- Çalışmalıyıq öz oyunumuzu göstərək. Diqqətli olmalıyıq, qol buraxmamlı, əvəzində rəqib qapısına yol tapmalıyıq. Heç-heçə üçün oynamaq təhlükəlidi.

 

- “Apollon”un güclü tərəfləri hansılardı?

- Rəqibin sağ və sol cinah hücumçuları çox təhlükəlidilər. Sürətli futbolçulardı. Digər oyunçuları da fərdi baxımdan seçilirlər. Təkətək epizodlarda təhlükəlidilər. Bunlar rəqibin güclü tərəfləridi. Ancaq “Qəbələ” komanda olaraq onlardan daha güclüdü. Sabahkı oyunda işimizin öhdəsindən layiqincə gələcəyimizə inanıram.

 

- “Qəbələ” avrokuboklardakı ötənilki uğursuzluğu cari mövsümdə, demək olar ki, unutdurdu. Pley-off-a necə, yüksələ biləcəksinizmi?

- Buna çalışacağıq. İnanıram ki “Qəbələ” üçün yeni tarix yazacağıq. İştah diş altındadı. İki mərhələ adlamışıq, burda dayanmaq yaxşı olmaz. Komandamız indi daha iştahlıdı. Özünəinam artıb, getdikcə də istəyimiz çoxalır. İnşallah, layiqli nəticə ilə mərhələ adlayarıq.

 

- Kiprdəki görüşdə gərginlik yaşandı. Bu amil cavab oyunu zamanı futbolçularda aqressivlik yarada bilərmi?

- Bu, azarkeşlər tərəfindən ola bilər. Bu da başa düşüləndi. Çünki bayrağımızı cırıb, təhqir etmələri qəbuledilməzdi. Bu cür hadisələr cavabsız qalmamalıdı. Cavabları verilməlidi, bilməlidilər ki, Azərbaycan xalqı heç kimdən qorxmur, çəkinmir. Futbolçularda da istər-istəməz müəyyən aqressivlik yarana bilər. Çünki biz də insanıq. Amma biz cavabımızı uğurlu nəticə ilə verməliyik.

 

- Digər tərəfdən hansısa artıq hərəkət stadionun cəzalandırılmasına gətirib çıxara bilər. Nəticədə mərhələ adlayası olsanız, çətin duruma düşə bilərsiz...

- Bu da mümküdü. Biz də istəyirik ki, azarkeşlər heç bir artıq hərəkətə yol verməsinlər. Onların cavabını özümüz verək. Sadəcə, stadiona gələnlər bizə sözün həqiqi mənasında azarkeşlik etsinlər, yalqız qoymasınlar. Biz də bunun qarşılığını verməyə çalışacağıq.

 

- “Apollon”dan sonra daha bir çətin oyununuz var. “Qarabağ”la Premyer Liqa matçını nəzərdə tuturam...

- İndiki məqamda daha çox “Apollon”la matçı düşünürük. Bu görüşdən sonra “Qarabağ” haqda fikirləşmək olar. Əsas odu ki, mərhələ adlayaq. Sonra düşünmək üçün vaxtımız olacaq. Belə götürəndə hər iki cəbhədəki oyunlar vacibdi. Çempionatda oynayırsan ki, avrokuboklara vəsiqə qazanasan. Bu baxımdan çempionatın əvvəllərində çox xal itirmək istəmirik. Hər iki cəbhədə yaxşı nəticələr qazanmağa çalışacağıq.

 

- Bu oyunu təsadüfən soruşmadım. Yeni mövsümdə çempionluğa əsas namizəd kimi “Qarabağ”la “Qəbələ”nin adını çəkirlər. Razısız?

- Hardasa razılaşmaq olar. Bura “Xəzər Lənkəran”ı da əlavə etmək mümkündü. Onlar da yaxşı heyət yığıblar. Mübarizə aparacaqlar.


Digər xəbərlər

Xəbər xətti