“Mən çox xoşbəxtəm. Komandamdan məmnun qaldım”. Sportarena.az xəbər verir ki, bunu “Seltik”in baş məşqçisi Ronni Deyla deyib
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olan Şotlandiya çempionu qolsuz bərabərliyə nail olub. İlk görüşdə 1 qolla qalib gələn qlazqolular bunun sayəsində pley-off məərhələsinə vəsiqə qazanıblar.
Ronni Deylla oyundan sonra təşkil edilən mətbuat konfransında bu fikirləri səsləndirib:
“Futbolçularım istədiyim kimi oynadılar, komanda ruhunu ortaya qoydular. Bəzi anlarda rəqibi cəzalandıra bilərdik. Amma meydançanın durumu və havanın isti olması bunu reallaşdırmağımıza mane oldu. İstədiyimiz nəticəni qazandıq”.
- Futbolçularınızın bir il ərzindəki inkişafından məmnunsunuz?
- Ötən bir il ərzində futbolçularımız topu ayaqda saxlamaq bacarığını yaxşılaşdırıblar. “Qarabağ” da güclü rəqib idi. Eyni mübarizəni bundan sonra da davam etdirməliyik.
- Çempionlar Liqasında qrupa vəsiqə qazanacağınıza inanırsınız?
- Ötən iki mərhələni adlamağımız bizi ümidləndirdi. İnanırıq ki, bu ənənəni davam etdirib, arzumuza çatacağıq.
- Növbəti mərhələ üçün arzuladığınız hansısa komanda varmı?
- Biz istərdik ki, ən zəif rəqiblə qarşılaşaq. Amma “Qarabağ”ın növbəti mərhələdəki rəqiblərdən zəif olduğunu da düşünmürəm.
- Kapitanınız Skott Braun matçın gedişində "Qarabağ" futbolçularını təxribata çəkən hərəkətlər etdi. Bu, sizin tapşırığınız idi?
- Mən bunu görməmişəm.
apasport.az