Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən cüdo üzrə yeniyetmələrin dünya çempionatında ilk günə yekun vurulub. Sportarena.az xəbər verir ki, yarışın start günündə 4 çəki dərəcəsində qaliblər bəlli olub.
Tatamı üzərinə çıxan Azərbaycanın 5 cüdoçusundan yalnız biri yarışı medalla başa vurub. Belə ki, 55 kq çəki dərəcəsində çıxış edən Tofiq Məmmədov dünya ikincisi olub.
Kişilərin 50 kq çəki dərəcəsində mübarizə aparan Rakşan Baxşəliyev 1/16 finalda braziliyalı Joao Paulo Korreyaya uduzub. Eyni kateqoriyada çıxış edən Rövşən Əliyev isə özbəkistanlı Manuçer Şirinovla bacarmayıb.
55 kq çəki dərəcəsində də iki təmsilçimiz qüvvəsini sınayıb. Mübarizəyə 1/16 finaldan qoşulan Kəramət Hüseynov braziliyalı Bruno Vatanabe ilə qarşılaşmada məğlub olub. Tofiq Məmmədov isə bu mərhələdə kamerunlu Yordan Lua Dihanq Mbanq, 1/8 finalda özbəkistanlı Arslonbek Tojiyev, 1/4 finalda isə portuqaliyalı Fransisko Mendesi mübarizədən kənarlaşdırıb. Yarımfinalda braziliyalı Renan Torresdən güclü olan cüdoçumuz yalnız həlledici qarşılaşmada uduzub. Bolqarıstan təmsilçisi Denislav İvanova məğlub olan Məmmədov dünya çempionatının gümüş medalını əldə edib.
Qızların yarışında 40 kq və 44 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib. İlk gündə tatami üzərinə çıxan yeganə təmsilçimiz Şəhanə Hacıyeva ən aşağı kateqoriyada qüvvəsini sınayıb. Ötən ay Avropa çempionu olan idmançımız 1/4 finaldan yarışa qoşulub. Türkmənistanlı Gülbahor Madreyimovanı yenən cüdoçumuz yarımfinalda rusiyalı Olqa Borisoava, bürünc uğrunda qarşılaşmada tunisli Oumaima Bediouiyə məğlub olub.