“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Seltik”lə (0:0) qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir:
- Oyunla bağlı fikrinizi bilmək maraqlı olardı...
- Çətin oyun oldu, bunu gözləyirdik. Amma “Seltik”in bu cür zəif çıxış edəcəyinə inanmırdım. Düzdü, qazonun durumu yaxşı deyildi, amma biz yaxşı oyun namyiş etdirdik.
- Rəqib futbolçu deyir ki, Bakıdakı meydança pis idisə, “Qarabağ” Qlazqoda niyə qol vura bilmədi?
- Bizim cavab oyunundakı üstünlüyümüz 30 min azarkeşə görə yaranır. İlk görüş Bakıda keçirilsəydi və qazonun durumu ideal olsaydı, vəziyyət fərqli ola bilərdi. Səfərdə tək “Seltik”ə yox, həm meydançaya, həm də azarkeşlərə qarşı oynamışıq. Amma Bakıda öz meydançamızdan istifadə edə bilmədik.
- Sizə elə gəlmir ki, “Qarabağ”ın əsas problemi yeni transferlərin özlərini doğrulda bilməməsidi?
- Ötən mövsüm oturuşmuş heyətimiz var idi. Nə qədər dansaq da, dəyişiklik oyunumuza mütləq təsir edir. Ümid edirik ki, onların oyunu qaydasına düşəcək. Bu, komanda üçün çox vacibdi.
- Meydançada rəqib futbolçularla tez-tez mübahisə edirdiniz. Səbəbi nə idi?
- Açığı, “Seltik”i daha yüksək səviyyəli komanda hesab edirdim. Amma onlar futbol oynamaqla yanaşı, rəqib futbolçuları da özündən çıxarmağa çalışırdılar. Çempionlar Liqasının qalibi olmuş komandaya bunu heç cür yaraşdırmadım.
- Nə edirdilər?
- Lazımsız yerə ayağımıza vururdular, söz atırdılar, gülürdülər. Ancaq bəhanə etmək istəmirəm. İmkanlarımız oldu. İstifadə edə bilsəydik, bu şeyləri danışmayacaqdıq. Əsas odu ki, qarşıdakı oyuna hazırlaşaq. Meydançanın qazonu da çox pis idi.
- Ötən mövsümlə müqayisədə “Qarabağ”ın məhsuldarlığı aşağıdı. Cəmi 1 qol vurmusunuz. Bu cür hücum xətti ilə nə edəcəksiniz?
- Hər komandanın yüksəlişi olduğu kimi, enişi də var. Biz də çalışmalıyıq ki, o enişə imkan verməyək, vəziyyəti tez düzəldək. Futbolda belə hallar normaldı. Üstəlik, yeni transferlərimiz var, onların uyğunlaşması vaxt aparacaq.
- Yeni transferlərin zəif oyunu çıxışınıza təsir edirmi?
- Baş məşqçi tapşırıb ki, kimsə zəif oynasa, ona əsəbləşməyin, əksinə, kömək edin. Oyunuma təsir etdiyini deməzdim. Çalışırıq ki, əksinə, həmin futbolçuları motivasiya edək. Bəzən biz də səhvə yol verirdik.
- Son dəqiqələrdə kobud səhvə yol verdiniz. Həmin an nə düşündünüz?
- Daha yaxşısını etmək istəyirdim, alınmadı. Zədələnmişdim. Həm də top bizdə olan vaxt ayağımın qıcolması meydançanın ağırlığından xəbər verir. (apasport.az)