“Qəbələ”nin sağ cinah oyunçusu Samir Zərgərov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın “Çukariçki” klubuyla oyunda “qırmızı-qaralar”a qayıdışını rəsmiləşdirdi. Sportarena.az xəbər verir ki, o, "Qəbələ İK" qəzetinə açıqlamasında debütünü səbirsizliklə gözlədiyini söyləyib:
“Məncə, oyunum yaxşı alındı. Komandamız tarixində ilk dəfə avrokuboklarda üçüncü mərhələyə keçdi. Güman edirəm, davamı gələr. Hər məşqdə çox çalışıram ki, oyuna tam hazır olum. Baş məşqçi nə vaxt şans versə, meydana çıxıb əlimdən gələni edəcəyəm”.
Samir üçün “Qəbələ” hələ xeyli öncə doğma kluba çevrilib. Təcrübəli futbolçu 3 il şərəfini qoruduğu komandaya qayıtmaq təklifini müsbət dəyərləndirib: “Hazırda komandada özümü rahat hiss edirəm. Əlbəttə, hazırkı “Qəbələ” o vaxt oynadığım komandadan çox fərqlənir. İndi klubda şərait idealdır. Futbolçuların səviyyəsində də fərq var. Çalışırıq yeniliklərə alışaq. “Qəbələ” də əsas məqsədim hər zaman start heyətdə oynamaqdır”.
Komandasında ilk avrokubok matçını keçirən Zərgərov Avropa Liqasında sonuncu matçına 2013-cü ildə “İnter”in heyətində Norveçin “Tromse” klubu ilə oyunda çıxmışdı. O, turnirin səviyyəsindən fərqli olaraq, hər matça ciddi yanaşır: “Mənim üçün ölkə çempionatı, kubok, avroliqa oyunu fərq etmir. Əsas odur ki, öz oyununla komandaya fayda verəsən. Əlbəttə, avrokuboklar daxili yarışlardan fərqlənir. Avroliqada hər bir matç mənim üçün önəmlidir”.
Samir komandanın Avropa Liqasında inamla irəliləməsində baş məşqçinin rolunun böyük olduğunu düşünür. Onun sözlərinə görə, “Qəbələ” Avropa Liqasında iki mərhələ keçsə də, bununla kifayətlənmək niyyətində deyil: “İndiyədək bir neçə baş məşqçiylə işləmişəm. Hər birinin özünəməxsus məşq, oyun üslubu, taktikası var. Roman Qriqorçukun tapşırıqlarını yerinə yetirmək üçün əlimdən gələni edirəm. Hazırda bütün diqqətimizi “Apollon”la cavab oyununa yönəltmişik. İndidən pley-off, qrupa düşmək haqda fikirləşmirik. Komandamızın ev oyunlarında çox yaxşı təsir bağışlaması Kipr klubunu da keçəcəyimizə inam yaradır”.