"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "Apollon"la oyundan "apasport.az" saytının əməkdaşının suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir:
- Oyundan sonra bu qədər gərginlik nədən yarandı?
- Kiprdəki matçda azarkeşlərlə bağlı problemlər olmuşdu. Amma burda hansısa təxribat olmadı. Görüş gərgin keçdi, əsas odu ki, qələbə qazandıq.
- Rəqib futbolçular hər addımda “Qəbələ”nin üzvlərini təxribata çəkirdilər. Onlar niyə belə edirdilər?
- Bunların hamısını görürdük. Ona görə də oyundan əvvəl işçilərimizlə, futbolçularla, azarkeşlərimizlə bu səpkidə söhbətlər etdik. Çünki hansısa bir addım bu qədər zəhməti yerə vura bilərdi.
- Ancaq futbolçularımız onların təxribatlarına uyurdular. Məsələn, Cavid Hüseynov lazımsız yerə sarı, Ürfan Abbasov isə qırmızı vərəqə aldı…
- Hamısı ilə söhbət etmişdik, təxribata uymamalarını tapşırmışdıq. Ürfan gəncdi, ondan bunu heç cür gözləmirdim. O, ordakı matçda da sakit oynamışdı. Cavidə gəldikdə, onu başa düşmək olar. Dövlətimizin bayrağını cırıblar. Hansı ki, bu bayrağın dalğalandırılması üçün minlərlə şəhid vermişik. Onlar yaralı yerimizə toxundular.
- Baş məşqçi Cavidə xüsusi simpatiya bəslədiyini və cəza verməyəcəyini deyib. Bəs klub rəhbrəliyi hansı addımı atacaq?
- Bu suala klub rəsmisi kimi deyil, idmançı kimi cavab vermək istəyirəm. Cavidin yerində mən olsaydım, eyni cür hərəkət edərdim. Bayrağımızı cırırlar, nə “Apollon” klubunun rəhbərliyi, nə də UEFA tədbir görür.
- Bəs Qəbələnin stadionunu niyə cəzalandırdılar?
- Qəbələ şəhər stadionu bayraq yandırıldığına görə yox, portatif oturacaqlar quraşdırıldığına görə cəzalandırılıb. Həmin oturacaqlar yerə betonla bərkidilməmişdi. Ötən mövsüm icazə versələr də, bu dəfə razılaşmadılar. Həmin tribunaları da sökəndə cəmi 2000 azarkeş tutumu qalır. 2000 azarkeşin qarşısında necə oynayaq? Buna görə də böyük arenada çıxış etmək istədik.
- Bundan sonrakı mərhələ üçün nə düşünürsüz?
- Püşk atılsın, rəqibimiz bəlli olsun, ondan sonra fikir bildirmək olar.
- Oyundan sonra polislər azarkeşlərə qarşı çox aqressiv idilər. Hətta bir neçə azarkeş təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldı. Bu baş verənlərin bir sonu olacaqmı?
- Bundan xəbərim yoxdu. Polis rəhərliyi ilə danışacağıq. Azarkeşlərimiz gərək heç bir təxribata uymasınlar. Kiprdə baş verənləri hamı gördü, azarkeşlərimiz buna görə stadionu doldurdular, komandamızı sona qədər dəstəklədilər. Biz də hər bir azarkeşimizin arxasında sona qədər dayanacağıq.
– Gömrük Hospitalına aparılan azarkeşlə əlaqə saxlamısınızmı?
- Bəli, klubun həkimi də onunla gedib. Ciddi bir problem yoxdu. Hər ehtimala qarşı xəstəxanaya göndərdik. Əlaqə saxlayırıq.
- Transfer üçün danışıq apardığınız futbolçunun kimliyini açıqlaya bilərsinizmi?
- Bir yarımmüdafiəçi ilə danışırıq. Danışıq futbolçu tərəfindən uzadılır. Gözləyirik. Legionerdi, sizə tanışdı, amma adını deməyəcəm.
- Bu qədər legionerləri cəlb edirsiniz. Amma çempionatda da müəyyən limit var. Bəs sonra onlar oynamadıqca problem yaranmayacaq?
- Qışda bəzi futbolçularla anlaşmamız başa çatacaq. Qalıb-qalmayacaqlarını bilmirik. Onlar gedərlərsə, yarana biləcək boşluğu doldurmaq üçün indidən işlər görürük.
- Yeni mövsümdə komandanın hədəfi çempionluq uğrunda mübarizə aparmaq olacaq. Bu heyəti yetərli sayırsınızmı?
- Sayıram. Heç bir rəqibə zəif komanda kimi baxmıram. Amma etiraf edək ki, çempionatımızda rəqabət də zəifləyib. Bu baxımdan komandanı bundan artıq gücləndirməyin yeri yoxdu.
- Yayım hüququ CBC kanalına verildi. Onlar isə hələlik paytaxtda keçiriləcək oyunları yayımlayacaqlar. Bu sizi narahat etmir?
- Əgər bu şəkildə göstərəcəklərsə, buna dəyməz. Qəbələdəkilər, onsuz da, komandanın oyununu izləyəcəklər. Amma biz istəyirik ki, bütün ölkə çıxışımızı izləsinlər.
- Ola bilərmi, gələcəkdə yayım hüququnu geri alasınız?
- Biz yayım hüququnu öz razılığımızla PFL-ə vermişik. Klublar Komitəsinin iclasında belə qərara gəldik ki, yayım hüququ yenidən klubların özlərinə verilsin, özümüz nəsə fikirləşək, tender elan edək. İş elə alındı ki, tenderi AFFA və PFL həyata keçirdi. İndiki variantda bunu geri almağımız düzgün çıxmaz.