"Kəpəz" Topaz Premyer Liqasının ilk turunda qarşılaşacağı "Neftçi" ilə oyuna hazırlığını davam etdirir. Gəncə klubu gündə bir dəfə olmaqla saat 19:00-da məşqə çıxır. Məşqlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda aparılır.
Sportarena.az xəbər verir ki, "sarı-göylər"in avqustun 6-na təsadüf edən məşqinə klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu baş çəkib. Komanda üzvləri ilə hal-əhval tutan Mikayıl bəy yeni mövsümün startı ilə bağlı futbolçuları və məşqçilər korpusunu təbrik edib, onlara uğurlar arzulayıb. "Kəpəz"in yoldaşlıq oyunlarındakı nəticələrindən danışan Nərimanoğlu komandanın uğurlu çıxışını çempionat görüşlərində də görmək istədiklərini bildirib.