"Qarabağ" və "Qəbələ"nin rəqiblərini yaxından tanıyaq

18:32 7 Avqust 2015

Artıq UEFA Avropa Liqasının “play-off” mərhələsinin püşkü atıldı. Sportarena.az "qafqazinfo.az"a istinadən xəbər verir ki, klublarımızın qrup mərhələsi yolunda rəqibləri “Qarabağ” üçün İsveçrənin “Yanq Boyz”, “Qəbələ” üçün Yunanıstan “Panatinaikos”udur.

 

Başlayaq isveçrəlilərdən. Ölkənin paytaxtı Bern şəhərini təsmil edən komandanın əsası 1898-ci ildə qoyulub. “Yanq Boyz” Max və Oscar Schwab qardaşları, Hermann Bauer və Franz qardaşları tərəfindən yaradılıb. Ilk oyununu “Viktoriya” klubuna qarşı keçirən “gənc oğlanlar” bu matçda qələbə qazanıb. Kehrli Klubun rəngləri sarı və qaradır. 11 dəfə İsveçrə çempionu olan 6 dəfə də ölkə kubokuna sahib çıxıb. 1958-59-cu illərdə Avropa Kubokunun yarımfinalına gələn komanda ölkəsini beynəlxalq arenada ən yaxşı təmsil edən klubdur. İsveçrəlilərin ən böyük uğuru isə 1986-ci ilə təsadüf edir. UEFA Kubokunun Qalibləri kuboku (İndiki Avropa Liqası) turnirinə qatılan komanda ¼ finala kimi irəliləyi. Burada Madrid “Real”ı ilə üz-üzə gəlir. İlk oyunda 1:0 hesablı qələbə qazanan komanda səfərdə 0:5 hesabı ilə uduzaraq mübarizəni dayandırır. Bu, komanda tarixinin ən böyük zəfəri olur. Bundan sonra demək olar ki, mütəmadi olaraq Avropa və Çempionlar Liqasının təsnifat mərhələsinə qatılan komanda heç bir uğur əldə edə bilmir. Yalnız 2010/2011-ci il mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Fənərbaxça”nı məğlub edən komanda “play-off”a adlayır. Burada daha güclü İngiltərə təmsilçisi “Tottenhem” onların qrupa gedən yolunu kəsir. Düzdür, Bern klubu ilk oyunda evdə 3:2 hesablı qələbə qazanır. Amma səfərdə 0:4 hesablı məğlubiyyət onları Avropa Liqasının qrup mərhələsinə aparır. “Yanq Boyz” isə burada “Şttuqart”, “Xetafe” və “Odense” ilə eyni qrupda yer alır. Qrup mərhələsini adlayan isveçrəlilər 1/16 finalda Rusiya təmsilçisi “Zenit”lə üz-üzə gəlir. Evdə 2:1 hesablı qələbə qazanan “sarı-qaralar” səfərdə 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırır. Klub oyunlarını 31 min 783 azarkeş tutumuna malik “Vankdorf” stadionunda keçirir. Çelsinin sabiq ulduzu Maykl Essie bu komandada top qovur, klubun baş məşqçisi isə Uli Fortedir.

 

İndi isə “Qəbələ”nin rəqibi “Panatinaikos” haqqında. 1908-ci il fevralın 3-də əsası qoyulan komanda Yunanıstanın paytaxtı Afina şəhərini təsmil edir. Klub qədim yunan natiqi İsokrates Panatinaikosun şərəfinə belə adlandırılıb. “Panatinaikos” Yunanıstanın ən qədim futbol klubudur. Bu komanda 20 dəfə ölkə çempionu olub, 18 ölkə kuboku, 5 ölkə superkuboku qazanıb. Klubun ən böyük uğuru isə 1971-ci ilə təsadüf edir. UEFA Çempionlar Liqasının finalına qədər gələn komanda həlledici qarşılaşmada “Ayaks”la qarşılaşır. Bu dueldən hollandiyalılar qalib ayrılır və “Panatinaikos” 2-ciliklə kifayətlənir. Bundan başqa Avropada daimi çıxış edən komanda 1992 və 2002-ci illərdə də qitənin ən nüfuzlu klub turnirində inamlı çıxış edir. 1992-ci ildə ¼ finala qədər gələn yunanların yolunu yenə də “Ayaks” kəsir. Bundan sonra elə də ciddi uğur qazanmayan Afina təmsilçisi 2002-ci ildə də ÇL-in ¼ finalına vəsiqə qazanır. Bu mərhələdə onların qarşısına “Porto” çıxır və “Panatinaikos” bu səddi keçə bilmir.

 

UEFA Avropa Liqasında da klub 2 dəfə ¼ finala kimi gələ bilib. Onlar bu uğura 1988 və 2003-cü illərdə imza atıblar.

 

Klub oyunlarını Afinada yerləşən 16 minlik “Apostolos Nikolaidis Stadium”da keçirir. Baş məşqçi isə Yannis Anastasioudur.


Digər xəbərlər

Xəbər xətti