Tarixi derbi və ya derbinin tarixi

18:53 7 Avqust 2015

1968-ci il aprelin 1-də SSRİ çempionatının yüksək liqa matçında “Neftçi” ilə Kirovabad “Dinamo”su qarşılaşıb. Sportarena.az xəbər verir ki, Anatoli Banişevskinin yeganə qolu sayəsində 1:0 hesabı ilə başa çatmış oyunda “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Mübariz Zeynalov da iştirak edib. Bu komandalar arasında 1968-ci il avqustun 22-də baş tutmuş ikinci görüşdə “Dinamo” 3:1 hesabı ilə qalib gəlib. Əli Rəhmanovun fərqləndiyi oyunda “Neftçi”nin qapısını hazırda komandanın qapıçılar üzrə məşqçisi olan Dmitri Kramarenkonun atası Sergey Kramarenko qoruyub. O vaxtdan indiyədək nəinki rəqibin adı dəyişib, həmçinin Gəncə şəhəri öz tarixi adını qaytarıb.

 

İlk Azərbaycan çempionatında komandalar 1992-ci il sentyabrın 19-da üz-üzə gəliblər. Həmin görüş gəncəlilərin 1:0 hesablı qələbəi ilə nəticələnib. Azərbaycanın ən titullu komandaları Premyer Liqada sonuncu dəfə 2013-cü il fevralın 9-da qarşılaşıblar ki, həmin oyunda "Neftçi" rəqibini darmadağın edib – 3:0. Avqustda isə komandalar cəmi iki dəfə – 1995 və 1998-ci illərdə üz-üzə gəliblər. İlk oyunda qolsuz heç-heçə (0:0) qeydə alınsa da, ikinci matçda “Kəpəz” üstün olub – 2:0.

 

Ümumilikdə “Neftçi” ilə “Kəpəz” indiyədək 39 dəfə qarşılaşıblar. Bunlardan 19-da “Neftçi”, 15-də isə “Kəpəz” qələbə qazanıb. Digər 5 oyunda qalib müəyyənləşməyib. Top fərqi də "ağ-qaralar"ın xeyrinədir: 62-36.


Digər xəbərlər

Xəbər xətti