Avrokuboklarda mübarizə aparan klublarımızın püşkatmada rəqiblərinin bilinməsindən sonra azərbaycanlı "facebook" istifadəçiləri rəqib komandaların rəsmi səhifələrinə daxil olmağa və əks tərəfi təhqir etməyə başlayıb. Belədə, "Qarabağ" və "Qəbələ"nin rəqibləri olan "Yanq Boyz" (İsveçrə) və "Panatinaikos"un (Yunanıstan) rəsmi səhifələri bundan əvvəlki xarici klublar kimi bir müddətdən sonra Azərbaycandan girişi bağlamaq məcburiyyətində qalacaq.
Sportarena.az xəbər verir ki, bunun üçün "Qarabağ"ın rəsmi səhifəsi azarkeşlərə müraciət edib. Müraciətin mətnini təqdim edirik:
"Hörmətli, xalqımız. Lütfən, rəqibin feysbuk səhifəsində artıq-əskik fikirlər yazmayaq. Alicənablığımızı nümayiş etdirək. Onlara barbarlığımızla deyil, mədəniyyətimizlə örnək olaq.
Mümkün qədər bu statusu paylaşaq, xalqımızın gözəl əxlaqını sərgiləyək..."
Qeyd edək ki, "Qəbələ" azarkeşləri də "Panatinaikos"un səhifəsində Cavid Hüseynovun kiprlilərə ədəbsiz jestini əks etdirən və Türkiyə bayrağı ilə dövrə vurduğu şəkillərini paylaşır. Bu da yunan azarkeşləri avqustun 20-dəki Afinadakı ilk oyun öncəsi daha da qıcıqlanmağa vadar edir.