Qəbələdə atıcılıq üzrə Dünya Kubokunun açılış mərasimi oldu

12:19 8 Avqust 2015

Avqustun 7-də Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinin rəsmi açılış mərasimi keçirilib. Sportarena.az APA-ya istinadən xəəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində təşkil olunan mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbirdə “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyan və baş katibi Frans Şrayber çıxış edib.

 

Tale Heydərov qeyd edib ki, Azərbaycan olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi etməklə dinamik inkişaf edən idman ölkəsi kimi tanınmasına və Olimpiya Hərəkatına qoşulmasına böyük təkan verir. “Bundan əlavə prezident İlham Əliyevin yaxından dəstəyi ilə ölkəmizdə düzgün idman siyasətinin həyata keçirilməsi nəticəsində bu il birinci Avropa Oyunları məhz Azərbaycanda keçirilib. Avropa Oyunlarından sonra ən böyük yarış hesab olunan atıcılıq üzrə Dünya Kuboku yarışlarının Qəbələdə keçirilməsi isə ölkəmizdə aparılan uğurlu idman siyasətinin ən böyük nailiyyətlərindəndir. Ümid edirəm ki, bu yarış Qəbələnin dünyada tanınmasına çox böyük töhfə verəcək”.

 

Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyan çıxış edərək bildirib ki, ötən il və bu il Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kuboku yarışları, bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, eləcə də birinci Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib. “Biz bu mötəbər yarışları yaxından izləyirik və deyə bilərəm ki, artıq Azərbaycanın çox böyük yarışları təşkil etmək təcrübəsi var. Mən Azərbaycan xalqını çox sevirəm, bilirəm ki bu ölkədə idmana dövlət səviyyəsində qayğı göstərilir. Bizim federasiya gələcəkdə Azərbaycanın Olimpiya Oyunları keçirmək istəyinə yaxından dəstək olacaq”.

 

Mərasimdə qeyd edilib ki, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı, eləcə də rəsmi qonaq və idman nümayəndəsi iştirak edir. Məlumat verilib ki, Dünya Kuboku uğrunda yarışların 5 mərhələsi ötən bir il ərzində ABŞ, Almaniya, BƏƏ, Kipr və Meksikada keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Yarışların 6-cı mərhələsi, yəni final görüşləri avqustun 8-dən 16-dək Qəbələdə keçiriləcək. Bu yarışlar 2015-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və Dünya çempionatından sonra ən mühüm yarış hesab olunur.

 

Yarışlara avqustun 8-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində start veriləcək. Atıcılığın 17 növü üzrə keçirilən bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparacaqdır. Yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı olan “ISSF TV” vasitəsi ilə canlı yayımlanacaq. Çıxışlardan sonra Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyan Dünya Kuboku yarışlarının rəsmi açılışını elan edib və federasiyanın himni səsləndirilib. Tədbir konsert proqramı ilə davam etdirilib.


Digər xəbərlər

Xəbər xətti