"Xəzər Lənkəran" bir müddət öncə komandadan ayrılan Alfred Sankonun klubun ona borcu olması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. "Ağ-yaşıllar"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportarena.az saytına açıqlamasında seyrra leoneli yarımmüdafiəçinin cavabını verib:
"Sanko yalan danışır. O, "Xəzər Lənkəran"dan ayrılanda kağız yazdı ki, klubdan heç bir şikayətim, narazılığım yoxdu. Onun qədər problem yaradan futbolçu yoxdur. Hələ bizdə oynayarkən, adi bir kağıza qol çəkdirəndə, onu menecerinə göndərirdi. O, icazə verəndən sonra imza atırdı. Yəqin Alfred borc deyərkən futbolçulara kəsilən cərimələri nəzərdə tutur. Ancaq bilməlidi ki, klubun çıxardığı qərar hər bir futbolçuya aiddi. Sanko məcbur edir ki, onun imzaladığı kağızı mətbuata göstərək".
Qeyd edək ki, Sanko saytımıza açıqlamasında "Xəzər Lənkəran"ın ona borclu olduğunu bildirib. Hətta o, gələn həftəyə qədər pulu ödənilməsə, FİFA-ya müraciət edəcəyini söyləyib.