Cavid Hüseynov jurnalist Rasim Əliyevin onun qohumları tərəfindən döyülməsiilə bağlı səsləndirilən iddialara cavab verib. Sportarena.az xəbər verir ki, "Qəbələ"nin futbolçusu klubun mətbuat xidmətinə açıqlamasında bunlarısöyləyib:
"Adımın belə bir məsələdə hallanmasına görə çox üzgünəm. Jurnalist Rasim Əliyev "Qəbələ" - "Apollon" matçının ardından jurnalitlərlə söhbət zamanı göstərdiyim jesti əsas gətirərək məni "tərbiyəsiz, əxlaqsız" adlandırmışdı. Mən də məsələ ilə bağlı Rasim Əliyevə zəng etdim. Mədəni insan kimi haqqımda yanıldığını, jesti düzgün anlamadığını, o jesti dostluq mənasında göstərdiyimi söylədim. Əgər mənim və ailəm haqqında məlumat almaq istəyirsə, məhəlləmizə gəlməsini, qonşularımdan, bizi tanıyanlardan əxlaqım, tərbiyəm və ailəm barədə məlumat almasını tövsiyə etdim. O da məni anladı. Anlaşmazlıq olduğunu, Facebook vasitəsilə məndən üzr istəyəcəyini dedi. Normal şəkildə vidalaşdıq. Sonradan baş verənlərdən isə xəbərsizəm. Məsələni araşdırırıq. Yəqin sabah məsələyə tam aydınlıq gələcək".