Qara Qarayev: "Rəşadı meydandan qovdurmaq fikrim yox idi" - MÜSAHİBƏ

18:21 11 Avqust 2015

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir:


- Oyun barədə nə deyə bilərsiniz?
- Son dövrlərin ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. Meydanda ölkənin iki ən yaxşı komandası mübarizə apardı. Nəticə daha yaxşı ola bilərdi. Amma ilk tur olduğunu nəzərə alsaq, hər şey o qədər də pis deyil.

 

- Sizə elə gəlmir ki, rəqib daha yaxşı çıxış etdi?
- Ola bilər ki, birinci hissədə daha yaxşı çıxış etdilər. Amma oyunun statistikası bizim xeyrimizədir. Qapıya daha çox zərbə endirdik. Səhv etmirəmsə, 19 zərbə biz vurmuşuq, 12 zərbə isə rəqib. Topa sahib olma da 60-ın 40-a bizim xeyrimizədir. Rəqib azlıqda qalandan sonra üstünlük tamamilə bizim tərəfimizə keçdi.

 

- Rəşad Sadiqovun sizə qarşı qayda pozuntusuna münasibətiniz necədir?
- Mənim Sadiqovu vaxtından əvvəl paltardəyişmə otağına göndərmək fikrim yox idi. Heç onun meydandan qovulduğunu da dərhal başa düşmədim. "Qəbələ"nin ehtiyat oyunçular skamyasından səs gəldiyini görüb ora baxdım və gördüm ki, onlar mənim üstümə qışqırırlar. Bundan şoka düşdüm. Rəşad haqlı idi. Onun meydandan qovulmasına məyus oldum.

 

- Deməli, cəza kifayət qədər sərt oldu?
- Hakimin qərarına qarşı çıxmaq istəmirəm. Amma mənə elə gəlir ki, sarı vərəqə ilə də kifayətlənmək olardı. Mənim işim rəqib futbolçuya sarı vərəqə aldırmaqdır. Lakin sırf bu epizod zamanı Rəşadı meydandan qovdurmaq fikrim yox idi.

 

 

- Oyundan sonra bununla bağlı söhbətiniz oldu?
- Bəli. Ona dedim ki, hakimin sənə qırmızı vərəqə verəcəyini bilsəydim, ayaq üstə durmağa, yıxılmamağa çalışardım (gülür).

 

- Artıq İsveçrənin "Yanq Boyz" klubuna qarşı keçirəcəyiniz Avropa Liqasının pley-off oyunları barədə düşünməyə başlamısınız?
- Hələ yox. Çünki qarşıda "Rəvan"la oyun var. İndidən isveçrəlilərlə görüşləri düşünmək düzgün olmaz. Sadəcə, yaxşı hazırlaşmaq lazımdır.

 

 

- "Yanq Boyz"un çempionat oyunlarını izləyirsiniz?
- Düzünü desəm, yox. Bizə lazım olan informasiyanı məşqçilər korpusu çatdıracaq.

 

- Azərbaycan yığmasının və "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynovla bağlı son günlərin gündəmini zəbt edən məsələyə münasibətiniz necədir?
- İnsan ölümü hər bir halda üzücüdür. Bu məsələyə dair söz tapıb danışmaq da çətindir. Bu hadisə baş verməməli idi. Mən jurnalistin yaxınlarına, qohumlarına başsağlığı verirəm, uca tanrıdan onlara səbr diləyirəm. Jurnalistlər Azərbaycan idmanının dünyada tanıdılmasında böyük rol oynayırlar. Onlar layiqli işlə məşğuldurlar. Hətta onların tənqidi də bizim xeyrimizədir. Jurnalistdən tələb olunan yeganə şey obyektivliyi qorumaqdır. Allah hər iki tərəfə kömək olsun. Ümid edirəm ki, Cavid tezliklə meydana qayıdacaq.


Digər xəbərlər

Xəbər xətti