"Neftçi" ilə oyundan sonra hədəfimizi yüksəltdik" - MÜSAHİBƏ

19:25 11 Avqust 2015

"Kəpəz"in icraçı direktoru Mehman Allahverdiyevin Sportarena.az saytına müshaibəsi

 

- İki illik fasilədən sonra Premyer Liqaya qayıdan "Kəpəz" ilk turda "Neftçi"dən xal almağı bacardı. Komandanın çıxışı sizi qane elədimi?

- Birinci oyun olduğunu nəzərə alsaq, çox yaxşı alındı. Bilirsiz ki, "Neftçi" Azərbaycanın ən güclü klublarından biridi. 1 ayın komandasının "Neftçi"yə qarşı bu cür oynaması müsbət haldı. Normal oyun oldu. 1 xal götürdük. Amma uda da bilərdik.

 

- Deyirsiz ki, Şahin Diniyevin işi hiss olunur...

- Mən Şahin Diniyevin işini müsbət qiymətləndirirəm. Şahin müəllim çox sağ olsun ki, belə gözəl kollektiv formalaşdırıb. Futbolçularımı tanınmış oyunçular olmasalar da, onlar yaxın zamanlarda Azərbaycan millisində oynayacaqlar. Gəncə futbolu həmişə tramplin olub. Emin Quliyev də bizə gələndə gənc oyunçu idi. Sonra öz oyunu ilə yığmaya düşdü.

 

- Komandanın qarşısına qoyulan məqsəd mövsümü ilk "6-lıq"da başa vurmaq idi. "Neftçi" ilə oyundan sonra fikirləriniz dəyişmədi?

- Doğrudan da qarşımıza ilk növbədə "altılıq"da qalmaq vəzifəsini qoymuşduq. Ancaq deyirlər iştah dişin altındadı. İlk oyundan sonra hədəfimizi yüksəltdik. Bütün gücümüzlə çalışacağıq ki, avrokuboklara vəsiqə qazanaq. Allahın qismətidi. İnanıram ki, alınacaq.

 

- "Neftçi" ilə oyundan sonra xoşgəlməz hadisələr yaşandı. Yerli azarkeşlər avtobusun şüşəsini sındırdılar. Buna münasibətinizi bilmək istərdik...

- Daşı yəqin ki, uşaq atıb. Düşüncəli insan belə hərəkət eləməz. Nə Bakıda, nə Gəncədə, nə də Lənkəranda. Xırda anlaşmazlıq olub. Çünki rəqib azarkeşlərin açdığı pankartı hamı gördü. Bizi təbrik etdilər. "Adınıza layiq yerə gəlmisiz" yazılı pankart açmışdılar. Ona görə də bir şüşənin qırılmasını bu qədər şişirtmək lazım deyil. Amma həmin vaxt avtobusda futbolçular da ola bilərdi. Allah şükür ki, olmayıb. "Neftçi" tərəfi də təəssüf hissi keçirdi. Eybi yoxdu. İnanırıq ki, bir də olmaz.

 

- Yayılan məlumatlara görə, qırılan şüşəni "Neftçi" təmir elətdirəcək. Bu, nə dərəcədə doğrudu?

- Bəli. Çünki "Neftçi" elətdirməlidi. Özləri də pis oldular. Bu hadisələr olmasaydı, daha yaxşı olardı. Oldu keçdi.  Artıq yaddan çıxarmışıq. Fikir vermirik. Bizi hazırda "Zirə" ilə qarşıdakı oyun düşündürür.

 

- Qarşıdakı oyundan söz düşmüşkən, ev oyunlarınızı harada keçirəcəyiniz tam dəqiqləşib?

- Demək olar ki, dəqiqləşib. Bu günə-sabaha aydınlaşacaq. Stadionun ot örtüyü ideal vəziyyətdədi. "Bakcell Arena"dan qat-qat yaxşıdı. Sadəcə oturacaqlar yoxdu. O da ki boş şeydi. Kreslolar sifariş olunub. Yaxın günlərdə quraşdırılacaq. İnanıram ki, oturacaqlar olmasa belə, azarkeşlər betonun üstünə nə isə qoyub, oturacaqlar və komandanı dəstəkləyəcəklər. AFFA nümayəndəsi gəlib son dəfə stadiona baxış keçirəcək. Ondan sonra yekun qərar veriləcək. Düşünürəm ki, ev oyunlarımızı Gəncədə keçirəcəyik. II turun "Zirə" ilə oyunu yüz faiz doğma meydanda oynanılacaq.

 

 

Elnur SALAHOV


Digər xəbərlər

Xəbər xətti