"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədovun Sportarena.az saytına müsahibəsi
- Ötən həftə Premyer Liqada yeni mövsümə start verildi. Yəqin ki, oyunları izlədiniz. İlk tur nə vəd edir?
- Birinci tur olduğundan indidən nəsə demək çətindir. Hələ deməkolmaz ki, hansı komanda nəyə qadirdir. Ümumi götürəndə, çempionluğa əsas namizəd "Qarabağ", "Qəbələ" və "Xəzər Lənkəran"dır. "Neftçi" və "İnter" də onlarla mübarizə aparıb, çempionluğa oynaya bilərlər. Bundan başqa, "Kəpəz" də yaxşı təsir bağışlayır. Yeni yaranmış komanda olmasına baxmayaraq, ilk "altılıq"da yer alabilərlər.
- Maraqlıdır, çempionluğa iddialı əsas namizədləri sadalayarkən "Neftçi"nin adını çəkmədiniz...
- "Neftçi"nin strategiyasına görə belə deyirəm. Gənclərə şans verib gələcəyin komandasını qururlar. Özləri də bunu etiraf edirlər. Düzdü, "Neftçi" hər zaman çempionluğa oynayıb. Ancaq hiss olunur ki, bu mövsüm özləri də bunu istəmirlər.
- Ümumiyyətlə, sabiq komandanızın ilk turdakı çıxışı haqda nə deyə bilərsiz?
- Birinci tur həmişə çətin olur. Burda güclü-zəif o qədər də seçilmir. Çünki ilk turlarda ortabab klublarda istəkgüclü olur. Bu isə ümumi gücü bərabərləşdirir. Ustalıq keçir arxa plana. 3-4 turdan sonra çox şeyə aydınlıq gələcək.
- Artıq 3 aya yaxındır ki, işsizsiniz. Bu müddət ərzində yerli və ya əcnəbi klublardan təklifləriniz olubmu?
- Yox. Deyərdim ki, ortada real bir şey olmayıb. Açığı, biz daha çox yerli klublardan təklif gösləyirik. Bugünkü reallıq onu götərir ki, xarici ölkələrdən bizə təklif gəlməsi çətin məsələdir.
- Son vaxtlar "Neftçi"də çalışan oğlunuz Cavid haqda bəzi xəbərlər dolaşır. Klubda xoşagəlməz işlərlə məşğul olduğu, "torba tikdiyi" söylənilir...
- (Təəccüblənir). Harda çıxıb o məlumatlar. Mən olmayan şeyə cavab verə bilmərəm. Bizi tanıyanlar da bilirlər ki, o səviyyənin insanları deyilik. Kiminsə ayağının altını qazmaq, "torba tikmək" bizlik deyil. Cavid özünün qabiliyyətinə görə ordadır. Mənə görə "Neftçi"yə götürsəydilər, mən gedəndən sonra onu da çıxarardılar. Sevindirici haldır ki, hara gedirəmsə, oğlum haqda ancaq müsbət fikirlər deyirlər.
- Mövzunu dəyişək. Son vaxtlar ölkə mətbuatının gündəmindən düşməyən Cavid Hüseynovun məlum məsələsinə də münasibətinizi bilmək istərdik...
- Çox üzücü olaydı. Cavid U-19-da mənim futbolçum olub. Onu şəxsən tanıdığım üçün bu cür hərəkət edə biləcəyinə, kiməsə qarşı qərəzli şəkildə nə isə elətdirəcəyinə inanmıram. Cavid həm futbolçu, həm də insan kimi çox yaxşıdır. Çox istərdim ki, bu işin sonu Cavidin xeyirinə olsun. Çünki bu yerli futbolçular üçün də mənfi haldır.
- Gələn həftə iki komandamız - "Qarabağ" və "Qəbələ" avrokuboklarda önəmli oyunlara çıxacaq. Onların şanslarını necə dəyərləndirirsiz?
- Hər iki komanda öz dəsti-xətti, oyun üslubu ilə seçilir. İnanıram ki, ikisi də qrup mərhələsinə vəsiqə qazana bilər. İndiki vaxtda "pley-off"da zəif-güclü rəqib olmur. Kim daha istəkli olursa, o da növbəti mərhələyə keçir. "Qarabağ"ın təcrübəsi var, "Qəbələ"nin isə istəyi. Həriki komandamızın şanslarını bərabər qiymətləndirirəm. Ancaq ilk oyunlardan sonra dəqiq nəsə demək olar.
Elnur SALAHOV