Topaz Premyer Liqasının II turunun AZAL-la oyunu “Qəbələ”nin ukraynalı legioneri Aleksey Antonov üçün əlamətdar olub. Sportarena.az xəbər verir ki, meydana sonradan daxil olan hücumçu Premyer Liqada ilk qolunu vurmaqla, “qırmızı-qaralar”ın 2:0 hesablı qələbəsində pay sahibi olub. Antonov “Dalğa Arena”dakı qarşılaşma ilə bağlı fikirlərini gabalafc.az-a açıqlayıb:
“AZAL-la oyunumuz ağır alındı. Sevinirəm ki, sonda qalib gəlib, lazım olan nəticəni qazana bildik. Ümumiyyətlə, AZAL deyil, bütün komandalara qarşı oyunlar çətin olur. Demək olar ki, asan rəqib yoxdur. Səfər qarşılaşmasında qol imkanlarından daha yaxşı istifadə etməyimiz sayəsində qalib gəldik. 90 dəqiqə ərzində biz daha çox qol epizodları yaratdıq. Hesabın daha böyük olub-olmaması haqda mülahizələr yürütmək istəməzdim. Əsas 3 xal qazanmağımız idi ki, bunun da öhdəsindən gəldik. Start heyətində yer almayıb, meydana sonradan daxil olmağım baş məşqçinin qərarı idi. Mənim vəzifəm meydana çıxıb, oyunumu göstərib, gözlənilənləri nümayiş etdirməkdir. Bunda qeyri-adi bir şey görmürəm. Nəzərə almaq lazımdır ki, Premyer Liqada legioner limiti də var. Azərbaycan çempionatındakı ilk qoluma gəlincə, yaxşı hücum təşkil etdik. Həmin epizodda mən hücumu dəqiq zərbə ilə tamamladım”.
Antonov UEFA Avropa Liqasının pley-off mərhələsinin Yunanıstan təmsilçisi “Panatinaikos”la oyunları haqda da fikirlərini açıqlayıb. O bildirib ki, avqustun 20-də Bakıda baş tutacaq ilk görüşdə də azarkeşləri sevindirməyə çalışacaqlar: “Panatinaikos” çox yaxşı komandadır. Yunanıstan təmsilçisi ilə matç çox ağır olacaq. İndi bu matça ciddi hazırlaşmaq lazımdır. Bütünlüklə avrokubok görüşünə köklənəcəyik. Rəqibi dərindən təhlil edəcəyik. İstənilən rəqibə qol vurmaq mümkündür. “Panatinaikos”la matçda da hücumçu kimi qol vurmağa çalışacam. Hər oyuna qol vurmaq üçün çıxıram. Çalışacağıq ki, azarkeşlərimizi qələbə və qollarla sevindirək”.