Cüdoçularımızdan növbəti aksiya: - "Problemlər getdikcə böyüyür"

19:03 17 Avqust 2015

Son zamanlar tez-tez Azərbaycan Cüdo Federasiyası, o cümlədən qrumun prezidenti Füzuli Ələkbərov barədə şikayətlər səslənir. Müxtəlif səpkilərdə olan narazılıqlardan biri cüdoçularımıza federasiya tərəfindən maliyyə yardımının göstərilməməsidir. Avropa Oyunlarındakı uğursuz çıxışlarından sonra əvvəlcə qadın tatami ustalarımız müxtəlif KİV-lərdə öz etirazlarını bildirmişdilər.

 

Sportarena.az xəbər verir, bu gün isə gənclərdən ibarət kişi yığma komandamızın metronun “Koroğlu’’ stansiyası yaxınlığındakı parkda jurnalistlərlə görüşüblər.

 

Aksiyada iştirak edən Vasif Şərbətli, Cəlil Şükürov, Davud Məmmədov və Hidayət Heydərov kimi idmançılarımız öz problemlərini media nümayəndələri ilə bölüşüblər. Yığmamızın aparıcı üzvü olan Firudin Dadaşovun dediklərinə görə, federasiya prezidenti Füzuli Ələkbərov və vitse-prezident Elnur Məmmədlini sonuncu dəfə nə vaxt gördüklərini belə xatırlamır. Həmçinin, Dadaşov bunları əlavə edib: "Maliyyə problemləri ucbatından gələn ay Avstriyanın Nobervats şəhərində keçirilən Avropa çempionatına, növbəti ay isə Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq dünya çempionatına getməyə bilərik. Əgər getsək, pulu öz cibimizdən verməliyik. Axı nəyə görə? Məgər hansı idmançının 2000 manatadək pulu var yarışa getməyə? Federasiyaya dəfələrlə bu barədə müraciət etmişik, amma heç bir müsbət reaksiya görməmişik".

 

Digər cüdoçu Davud Məmmədov da fikirlərini bildirib: “Bizim məqsədimiz müxtəlif yarışlarda öz bayrağımızı dalğalandırmaq, himnimizi səsləndirməkdir. Amma federasiya bizə köməklik göstərmir. Bizi heç bir təlim-məşq toplanışına göndərmirlər. Bu günə kimi Gürcüstana və İsmayıllıya təlim-məşq toplanışına gedirdik. Ancaq artıq bu səfərlər də baş tutmur. Əgər bu problemlər aradan qalxmasa, Azərbaycanda cüdo heç vaxt irəli getməyəcək”.

 

Ölkəimizi 90 kq çəki dərəcəsində təmsil edən Vasif Şərbətli isə bunları deyib: "Biz bu aksiyanı həyata keçirməyə məcbur idik. Çünki artıq yorulmuşuq. Qeyd etdiyimiz problemlər çoxdan var, amma getdikcə daha da böyüyür. İş o həddə çatıb ki, artıq Füzuli Ələkbərov deyir ki, mən yeniyetmə və gənclərlə məşğul olmuram. Bununla belə bizdən nəticə tələb edir”.


Digər xəbərlər

Xəbər xətti