Azərbaycan Premyer Liqasının 2-ci turunun “İnter” - “Neftçi” (1:0) matçından sonra qalmaqal baş verib.
Sportarena.az xəbər verir ki, “Neftçi”nin Nurlan adlı azarkeşi stadiona düşərək etiraz edib. O, futbolçuların formaya layiq olmadıqlarını və oyuna canlarını qoymadıqlarını bildirib. Daha sonra azarkeş “şərəfiniz varsa formanı atın gedin” ifadəsini işlədib və bu zaman Rahil Məmmədov Nurlana hücum çəkib. Bundan sonra söz atışması azarkeş futbolçu müstəvisindən çıxıb.
Rahilə kömək eləmək üçün Araz Abdullayev də azarkeşin üzərinə hücum çəkib və ona yumruq atıb. Arazın ardınca Erik Ramos da mübahisəyə qoşulub. Azarkeşin “Neftçi” futbolçuları tərəfindən döyüldüyünü görən Mirhüseyn Seyidov müdaxilə edib və Nurlanı onların əlindən alıb. Lakin Araz əsəblərinə hakim ola bilməyib və yenidən azarkeşin üzərinə hücum çəkib.
Sonda klubun işçiləri araya girib və olay sakitləşib. Azarkeşi isə polis bölməsinə aparıblar.