"Təəssüf hissi ilə qeyd etməliyəm ki, mərhum Rasim Əliyevin jurnalist peşəsi ilə əlaqədar deyil, məişət zəminində baş vermiş davada ölməsi faktını, Avropanın bir sıra yüksək vəzifəli şəxsləri hüquqi savadsızlıqdan və ya hansısa maraqlardan irəli gələrək siyasiləşdirməyə cəhd edirlər. Bu da istintaqa təzyiq göstərərək, müdafiəçisi olduğum Cavid Hüseynovun vəziyyətinin ağırlaşmasına və istintaqın qabaqcadan bəlli olan istiqamətə meyllənməsinə səbəb olur. Bunların içərisində Avropa Şurasının baş katibi Turbyörn Yaqland kimi nüfuzlu bir şəxsin bəyanatı xüsusilə təəssüf doğurur". Sportarena.az "Report"a istinadən xəbər verir ki, bunu "Qəbələ" futbol klubunun sabiq kapitani Cavid Hüseynovun vəkili Adəm Məmmədov bildirib.
O qeyd edib ki, hələ ibtidai istintaqın getdiyi bir dövrdə və hadisələrin əsl motivlərinin tam bilinmədiyi bir mərhələdə, məsələni məhz "jurnalist ölümü" kimi səciyyələndirən Avropa Şurasının baş katibinin yüksək tribunalardan hadisə tərəflərindən yalnız birinin mövqeyinə uyğun bəyənatlar səsləndirməsi istintaq orqanlarının psixoloji təzyiq altında fəaliyyət göstərmələrinə səbəb olur: "Mən cənab Yaqlandın belə məsuliyyətsiz və tələsik davranışını yalnız onun ixtisasca iqtisadçı olması və hüquqi bilgilərinin lazımı səviyyədə olmaması ilə əlaqələndirirəm. Əks halda, o bilməli idi ki, onun Avropa Şurasına üzv dövlətlərin məhkəmə-hüquq sisteminə təzyiq edən belə bəyənatları, qulluq səlahiyyətlərinin aşılması faktıdır və bütün beynəlxalq hüquq normalarının ("Ümumdünya İnsan Haqları Bəyannaməsi"nin 7 və 11-ci maddələrinin, BMT-nin "Mülki və Siyasi Hüquqlar Haqqında” Paktının 14.1 və 14.2 maddələrinin, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyanın 6.1 və 6.2 maddələrinin; və nəhayət Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsinin) onun tərəfindən kobud surətdə pozulması halıdır. Onun bu davranışının, hüquqlarını müdafiə etdiyim şəxsin istintaqına təzyiq göstərdiyini və vəziyyətinin ağırlaşmasına səbəb olduğunu, eləcə də onun gələcək professional karyerasına əhəmiyyətli ziyan vurduğunu nəzərə alaraq, Turbyörn Yaqlandın məhkəməyə verilməsi ilə bağlı lazımi sənədlərin toplanmasına başlamışam".
A.Məmmədov əmin olduğunu bildirib ki, jurnalist Rasim Əliyevin ölümü hərtərəfli araşdırılacaq və günahkarlar öz layiqli cəzalarını alacaqlar.