Premyer Liqanın II turunun "İnter"lə oyunundan sonra "Neftçi"nin futbolçuları ilə azarkeş arasında baş verənlər bir daha bu komandada nələrinsə düzgün qurulmadığını göstərdi. Bir futbolçu heç vaxt öz azarkeşi ilə üz-göz olmamalı, mübahisə etməməli, ona fiziki təzyiq göstərməməlidir. Halbuki biz dünən "Neftçi" futbolçularının timsalında bunun şahidi olduq. Görünür, komandada köhnə "avtoritetlər"dən sonra, yeni qoçular peyda olub. Aradakı yeganə fərq bunların cavan nəslin nümayəndələri olmalarıdır.
Bu fotoya diqqətlə baxın. "Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı susuzluqdan əziyyət çəkən azarkeşlərinə su verir. Əslində futbolçu bir az da insan olmalıdı. Bu şəkil "Xəzər Lənkəran"lı futbolçuların öz azarkeşlərinə qarşı necə humanist olmasının göstəricisidir.
İndi isə bu fotoya diqqət yetirin. "Neftçi"nin kapitanı, komandanı arxasınca aparmalı və onlara nümunə olmalı olan Araz Abdullayev öz azarkeşini vurur. Hansı ki, həmin azarkeş yay-qış demədən sevimli komandasını tribunada dayanmadan dəstəkləyir. Sözsüz ki, bu əziyyətinin qarşılığını görməyəndə əsəbləşəcək, özündən çıxacaq. Hətta meydançaya girəcək. İstənilən halda tərəfdarla bu cür rəftar etmək olmaz. Ola bilər, azarkeş hansısa qeyri-etik ifadə işlətsin. Amma bunu qol gücünə, ona yumruq atmaqla həll etmək düzgün deyil. Çünki belədə haqlı ikən haqsız duruma düşürsən. Hələ Rahil Məmmədovu demirəm. Perspektivinə böyük ümidlər bəslənilən gənc bir futbolçunun belə hərəkət etməsi isə heç cür başadüşülən deyil.